XIII Ümumdünya Şəhərsalma Forumu (WUF13) Bakıda yalnız konfrans çərçivəsi ilə məhdudlaşmayıb, daha geniş ictimai və regional fəaliyyətləri də əhatə edib.
SİA xəbər verir ki, bunu WUF13-ün Azərbaycandakı milli koordinatoru Anar Quliyev forumun yekun mətbuat konfransında səsləndirib.
Onun sözlərinə görə, “Bakı Urban Həftəsi” çərçivəsində 55 tədbir və WUF13 festivalı 9 şəhərdə təşkil olunub və ümumilikdə 100 min nəfərdən çox insan davamlı şəhər inkişafı ilə bağlı müzakirələrə qoşulub.
Anar Quliyev bildirib ki, forum qlobal mediada da geniş işıqlandırılıb və 1000-dən çox akkreditə olunmuş jurnalist WUF13-ün mesajlarının dünya ictimaiyyətinə çatdırılmasını təmin edib.
O qeyd edib ki, gənclərin iştirakı forumun ən önəmli elementlərindən biri olub: 2500 könüllü tədbirin təşkili və uğurlu keçirilməsində iştirak edib. Bu, Azərbaycan gənclərinin peşəkarlığı, dinamizmi və təşkilatçılıq bacarıqlarını nümayiş etdirib.
Milli koordinator əlavə edib ki, WUF13 çərçivəsində yeni təşəbbüslər də irəli sürülüb. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Yeni Şəhər Gündəliyinə həyat vermək: Dayanıqlı şəhərlər üçün hava keyfiyyəti və yaşıl infrastrukturun inteqrasiyası” adlı yüksək səviyyəli forum keçirilib. Sənəddə təmiz havanın qlobal şəhərsalma gündəliyində prioritet istiqamət kimi qəbul olunmasına çağırış edilib.
Anar Quliyev bildirib ki, WUF13 çərçivəsində “Təhlükəsiz qayıdış üçün dayanıqlı və ağıllı yaşayış məntəqələri” (SSRP) paketi təqdim olunub. Bu yanaşma iqlimə davamlı, ekoloji baxımdan dayanıqlı və münaqişədən sonrakı bərpa proseslərini dəstəkləyən praktiki model kimi qiymətləndirilib.
O vurğulayıb ki, WUF13 yalnız bir tədbir deyil, fəaliyyət platformasıdır və forumun əsas mövzusu olan mənzil təminatı qlobal şəhərsalma gündəliyinin mərkəzində dayanır. Onun sözlərinə görə, mənzil məsələsi təkcə əsas ehtiyac deyil, həm də ləyaqət, sosial inklüzivlik və iqtisadi inkişafın təməlidir.
Anar Quliyev əlavə edib ki, forumun nəticələrinin real fəaliyyətə çevrilməsi vacibdir və WUF13 3,5 milyard insanı əhatə edən mənzil və evsizlik problemlərinin həllinə töhfə verməlidir.
O, sonda jurnalistlərin rolunu vurğulayaraq bildirib ki, WUF13-ün məqsəd və nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında media nümayəndələrinin böyük əhəmiyyəti var. “Ümid edirik ki, iştirakçılar Bakıdan daha güclü tərəfdaşlıqlar və yeni baxışlarla ayrılırlar”, - deyə Anar Quliyev qeyd edib.