Amina Məhəmməd: WUF13 qlobal şəhərsalma gündəliyində mühüm uğurdur

22 May 2026 14:22 (UTC+04:00)

BMT Baş katibinin müavini Amina Məhəmməd Bakıda keçirilən XIII Ümumdünya Şəhərsalma Forumunun (WUF13) yüksək səviyyədə təşkil olunduğunu və qlobal miqyasda mühüm nəticələr verdiyini bildirib.

SİA xəbər verir ki, bunu BMT Baş katibinin müavini Amina Məhəmməd Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının yekun mətbuat konfransında çıxışı zamanı deyib.
Amina Məhəmməd Azərbaycan xalqını, Bakı şəhərini, BMT-Habitatı və bütün tərəfdaşları forumun uğurla keçirilməsi münasibətilə təbrik edib.
Onun sözlərinə görə, dünyada geosiyasi gərginliklərin, münaqişələrin və qeyri-sabitliyin artdığı bir dövrdə WUF13-ün keçirilməsi xüsusi əhəmiyyət daşıyır və bu platforma BMT-Habitat tərəfindən təşkil edilən qlobal şəhərsalma gündəliyinin əsas dayaqlarından biri kimi çıxış edir.
BMT rəsmisi qeyd edib ki, WUF13 hökumətləri, vətəndaş cəmiyyətini, özəl sektoru, yerli icmaları, gəncləri, qadın qruplarını, akademik dairələri və beynəlxalq maliyyə institutlarını ortaq urban gələcək ətrafında birləşdirən inklüziv platformadır.
Onun sözlərinə görə, forumda aparılan müzakirələr bir daha göstərib ki, mənzil təminatı qlobal məsələ olmaqla yanaşı, yerli səviyyədə həll olunmalı və insan ləyaqətinə əsaslanan yanaşma tələb edən sahədir. Mənzil həm sosial sabitlik, həm də iqtisadi inkişaf və dayanıqlılığın əsas təməlidir.
Amina Məhəmməd əlavə edib ki, Azərbaycanın öz ərazilərində həyata keçirdiyi bərpa və inkişaf prosesi sülhün möhkəmləndirilməsi və iqtisadi potensialın reallaşdırılması baxımından nümunəvi model kimi qiymətləndirilə bilər.
O vurğulayıb ki, dünya hazırda iqlim böhranı, münaqişələr, bərabərsizlik, mənzil çatışmazlığı və maliyyə məhdudiyyətləri kimi bir-birini gücləndirən çağırışlarla üz-üzədir. Bu şəraitdə WUF13 çoxtərəfli əməkdaşlığın və bütün səviyyələrdə koordinasiyalı fəaliyyətin vacibliyini bir daha nümayiş etdirib.
BMT Baş katibinin müavini bildirib ki, mənzil böhranının həlli yalnız bir təşkilatın deyil, bütövlükdə BMT sisteminin müxtəlif sahələrini – iqlim, səhiyyə, nəqliyyat, miqrasiya, məşğulluq, rəqəmsallaşma, su, enerji, fəlakət risklərinin azaldılması, gender və sosial müdafiə istiqamətlərini əhatə edən ümumi məsuliyyətdir.