“İqlim dayanıqlılığı ilə adekvat və əlçatan mənzil təminatı arasında sıx əlaqə mövcuddur” -YALÇIN RƏFİYEV

22 May 2026 13:40 (UTC+04:00)

“İqlim dayanıqlılığı və aşağı karbonlu inkişaf üçün nəzərdə tutulan qlobal planlaşdırma proseslərində maliyyə axınlarının düzgün yönləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu yalnız ekoloji məqsədlərlə məhdudlaşmır, eyni zamanda şəhərlərin inkişafı, infrastrukturun yenilənməsi və sosial rifahın təmin olunması ilə birbaşa əlaqəlidir. Buna görə də maliyyə mexanizmləri həm iqlim dəyişikliklərinə uyğunlaşmanı, həm də dayanıqlı şəhərsalmanı dəstəkləyən əsas alətlərdən biri kimi çıxış etməlidir”.
SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Xarici İşlər nazirinin müavini Yalçın Rəfiyev “Mənzil sahəsinə qlobal investisiyaların yenidən düşünülməsi: ləyaqət, dayanıqlılıq və inklüziv şəhər gələcəklərinin maliyyələşdirilməsi” panel sessiyasında deyib.

Onun sözlərinə görə, eyni zamanda, iqlim dayanıqlılığı ilə adekvat və əlçatan mənzil təminatı arasında sıx əlaqə mövcuddur. Müasir şəhərsalma yanaşmaları göstərir ki, bu iki istiqamət bir-birindən ayrı deyil, əksinə, bir-birini tamamlayan qlobal proseslərdir. Bu baxımdan COP kimi iqlim dəyişiklikləri üzrə beynəlxalq platformalar ilə şəhərsalma və inkişaf yönümlü qlobal təşəbbüslər arasında daha güclü koordinasiya və inteqrasiya vacibdir. Xüsusilə maliyyə baxımından bu əlaqələrin gücləndirilməsi daha effektiv nəticələr əldə etməyə imkan yaradır.

Azərbaycan 2019-cu ildən etibarən BCC təşəbbüsünü irəli sürüb və bu gün də onun icrasını davam etdirir. Bu təşəbbüs COP və digər qlobal platformaların ardıcıllığını və davamlılığını təmin etmək məqsədi daşıyan “kontinuitet koalisiyası” çərçivəsində həyata keçirilir. Burada əsas məqsəd müxtəlif ölkələrin və presidensiyaların təcrübələrini bir araya gətirərək daha sistemli və davamlı əməkdaşlıq mexanizmi formalaşdırmaqdır.

Gələcək mərhələdə isə bu presidensiyaların diqqətinin xüsusilə “icra vasitələri” və maliyyə mexanizmlərinə yönəldilməsi mühüm əhəmiyyət daşıyır. Bu yanaşma beynəlxalq ictimaiyyət üçün daha konkret, ölçülə bilən və effektiv tövsiyələrin hazırlanmasına imkan verə bilər. Beləliklə, həm iqlim dəyişiklikləri ilə mübarizə, həm də dayanıqlı şəhər inkişafı sahəsində daha güclü və nəticəyönümlü qlobal əməkdaşlıq formalaşdırmaq mümkün olar”.