World Urban Forum 13 -cü sessiyasının yekun mətbuat konfransı keçirilir

22 May 2026 13:30 (UTC+04:00)

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yekun mətbuat konfransı keçirilir.

SİA xəbər verir ki, Konfransda BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaclaudia Rossbach, Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13-ün Milli Koordinatoru Anar Quliyev, BMT Baş katibinin müavini Amina J. Mohammed, eləcə də Meksikanın Azərbaycandakı səfiri Maria Victoria Romero Caballero iştirak edirlər.

Tədbirdə forum çərçivəsində aparılan müzakirələr, əldə olunan nəticələr və şəhərsalma sahəsində qlobal əməkdaşlığın gücləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilir. Rəsmi şəxslər WUF13-ün dünya şəhərlərinin dayanıqlı inkişafı, mənzil böhranının həlli, “ağıllı şəhər” yanaşmaları və inklüziv şəhər planlaşdırması kimi mövzularda mühüm platforma rolunu vurğulayırlar.

Konfransda həmçinin Azərbaycanın şəhərsalma və bərpa prosesində əldə etdiyi təcrübə, xüsusilə azad edilmiş ərazilərdə həyata keçirilən yenidənqurma və “Böyük Qayıdış” proqramı çərçivəsində görülən işlər də diqqətə çatdırılır.

Sonda iştirakçılar forumun beynəlxalq əməkdaşlıq üçün yeni imkanlar yaratdığını və gələcəkdə şəhərsalma sahəsində birgə fəaliyyətin daha da genişləndirilməsinin vacibliyini qeyd edirlər.