“Böyük Qayıdış” proqramının məqsədi, həm də ləyaqətli qayıdışı təmin etməkdir” - EMİN HÜSEYNOV

22 May 2026 12:55 (UTC+04:00)

Həqiqətən də, burada bir çox ölkələrin vətəndaşlaşma və şəhərsalma sahəsində fəaliyyət göstərən nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və müxtəlif ölkələrin rəsmi şəxsləri iştirak edirlər. Bu sahədə böyük təcrübəyə malik insanların bir araya gəlməsi həm geniş fikir mübadiləsi, həm də mühüm əməkdaşlıq imkanı yaradır.

SİA xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəsi
Emin Hüseynov jurnalistlərə özəl müsqhibəsində bildirib.

Bu çərçivədə Azərbaycan dövləti tərəfindən son 5 il ərzində həyata keçirilən bərpa və yenidənqurma işləri ilə bağlı təqdimatlar da aparılır. Bu, əhəmiyyətli bir fürsətdir və təqdimatlarda da qeyd olunduğu kimi, Azərbaycan Respublikasının son illərdə əldə etdiyi nəticələr qürurverici xarakter daşıyır.

Eyni zamanda, burada digər ölkələrin təcrübələrinin öyrənilməsi və fikir mübadiləsi aparılması da xüsusi əhəmiyyət kəsb edir. Əsas vurğulanan məqamlardan biri odur ki, bütün bərpa və tikinti işləri insan amilinə əsaslanmalı, orada yaşayacaq insanların rahat, firavan və dayanıqlı həyatını təmin etməlidir. Bu yanaşma bir çox ölkələrin layihələrində də öz əksini tapır.

Azərbaycan isə 5 il bundan əvvəl “Böyük Qayıdış” Dövlət Proqramına start verərkən əsas məqsəd kimi təkcə qayıdışı deyil, həm də “ləyaqətli qayıdış”ı qəbul etmişdir. Bu, ondan irəli gəlir ki, dövlət üçün əsas prioritet insanların öz doğma torpaqlarına ləyaqətlə və davamlı şəkildə geri dönüşünün təmin olunmasıdır”.