“Azərbaycan yeni regional reallığın qalibidir” - ŞƏRH

22 May 2026 12:41 (UTC+04:00)

“Prezident İlham Əliyevin Euronews televiziyasına verdiyi son müsahibə əslində Azərbaycanın post-müharibə dövründəki təqdimatının siyasi manifesti kimi qiymətləndirilə bilər”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.

Onun sözlərinə görə, dövlət başçısı müsahibədə ölkəmizin regional liderlik statusunu, enerji diplomatiyasını və eləcə də “yeni Azərbaycan” narrativini beynəlxalq auditoriyaya çatdırmış oldu:

“Müsahibənin əsas xətti Azərbaycanın beynəlxalq legitimliyi və qlobal nüfuzu üzərində qurulmuşdu. Prezidentin xüsusilə WUF13 forumunda 182 ölkədən 40 mindən çox iştirakçının qatılmasını vurğulaması təsadüfi deyildi. Bu mesaj özündə Azərbaycan artıq yalnız regional enerji ölkəsi deyil, qlobal tədbirlərin keçirildiyi siyasi-platforma dövlətinə çevrildiyini ehtiva edir. COP29-dan sonra WUF13 kimi nəhəng tədbirin keçirilməsi Azərbaycanın beynəlxalq sistemdə tərəfdaş kimi qəbul edilən ölkə olduğunun ən bariz sübutudur.
Müsahibədə diqqət çəkən digər mühüm məqam Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması ilə bağlı idi. Prezident bu prosesi yalnız bərpa layihəsi kimi deyil, “ağıllı şəhər”, “yaşıl enerji” və dayanıqlı urbanizasiya modeli kimi təqdim etdi. Burada əsas məqsəd beynəlxalq investorları və Qərb institutlarını cəlb etməkdir. Çünki rəsmi Bakı anlayır ki, post-müharibə legitimliyi artıq yalnız hərbi qələbə ilə yox, iqtisadi və texnoloji transformasiya ilə möhkəmlənir. Bu baxımdan Qarabağ indi həm də geosiyasi vitrin funksiyası daşıyır.
Enerji məsələləri də müsahibənin strateji sütunlarından biri oldu. Prezident Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu xüsusi olaraq qeyd etdi. Bu, xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra və hazırda Yaxın Şərqdəki gərginlik fonunda Avropanın alternativ enerji mənbələri axtardığı dövrdə mühüm mesajdır. Bakı faktiki olaraq Qərbə deyir ki, siyasi fərqlərə və müxtəlif məsələlərə fikir ayrılıqlarına baxmayaraq Azərbaycanı görməzdən gəlmək mümkün deyil.
Bununla yanaşı, müsahibədə daha incə siyasi mesajlar da var idi. Prezident beynəlxalq münasibətlər sistemində “güc faktorunun” artdığını vurğulayaraq hazırkı dünya düzəninin dəyişdiyini bildirdi. Bu fikir əslində Azərbaycanın son illərdəki xarici siyasət fəlsəfəsini əks etdirir. Yəni, milli maraqlar, strateji balans və maksimum müstəqil siyasət.
Ümumilikdə müsahibə Azərbaycanın özünü yeni regional reallığın qalibi və qlobal əməkdaşlıq platforması kimi təqdim etməsinin davamı idi. Burada əsas mesaj ondan ibarət oldu ki, Azərbaycan artıq yalnız Cənubi Qafqaz oyunçusu deyil, qlobal siyasi və iqtisadi proseslərdə söz demək imkanında olan bir aktordur”.