”Müasir dövrdə reklam cəmiyyət həyatında mühüm rol oynayan təsir vasitələrindən biridir. Reklamın əsas məqsədi məhsul və xidmətləri tanıtmaq, insanlarda maraq yaratmaq və istehlak davranışına təsir göstərməkdir. Lakin bəzi hallarda reklam fəaliyyəti zamanı etik normalar və hüquqi prinsiplər pozulur. Xüsusilə uşaqların reklam məqsədilə istifadə olunması cəmiyyətdə ciddi müzakirələrə səbəb olur”.
Bu sözləri SİA -ya açıqlamasında hüquqşünas Ramil Süleymanov bildirib.
Onun sözlərinə görə, uşaqlar cəmiyyətin ən həssas təbəqəsi hesab olunduğundan onların kommersiya maraqları naminə istifadə edilməsi həm mənəvi, həm də hüquqi baxımdan düzgün sayılmır:
”Reklamlarda uşaqların emosiyalarından və psixoloji xüsusiyyətlərindən yararlanmaq onların düşüncə tərzinə və gələcək dəyərlərinə mənfi təsir göstərə bilər. Bu səbəbdən uşaqların reklam vasitəsinə çevrilməsi bir çox hallarda istismar kimi qiymətləndirilir.
Azərbaycan qanunvericiliyində uşaqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirilir. “Uşaq hüquqları haqqında Qanun”, “Reklam haqqında Qanun” və ölkənin qoşulduğu beynəlxalq sənədlər uşaqların hüquqlarını müdafiə edir. Həmin qanunlara əsasən, uşaqların maraqlarına zidd olan və onların hüquqlarını poza biləcək reklam fəaliyyətləri yolverilməz hesab olunur.
Qanunvericiliyə görə azyaşlı uşaqların hüquqları valideynləri tərəfindən təmsil olunsa da, gələcəkdə həmin şəxslər hüquqlarının pozulması ilə bağlı məhkəməyə müraciət etmək hüququna malikdirlər. Bəzi şirkətlər reklam vasitəsilə uşaqlardan istifadə edərək məhsullarını daha cəlbedici göstərməyə çalışırlar. Məsələn, müəyyən qida və ya xidmətlərin uşaqlar üçün faydalı olduğu görüntüsü yaradılır və bununla kommersiya maraqları ön plana çəkilir.
Bu baxımdan “Reklam haqqında Qanun”un müvafiq maddələri uşaqların istismarına yönəlmiş reklamların qarşısını almağı hədəfləyir. Eyni zamanda reklam qanunvericiliyinin pozulmasına görə inzibati məsuliyyət də nəzərdə tutulur. Buna görə reklam fəaliyyəti həyata keçirilərkən uşaqların hüquq və mənafelərinin qorunması əsas prinsip kimi qəbul edilməlidir”.