"Azərbaycan beynəlxalq tədbirlərdə yeni təcrübə formalaşdırır" - ŞƏRH EDİLDİ

22 May 2026 12:17 (UTC+04:00)

"Azərbaycanın son illərdə müxtəlif təyinatlı beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ölkəmizin bu sahədə qazandığı nailiyyətlərin və formalaşdırdığı təcrübənin göstəricisidir. Eyni zamanda, bu təcrübənin gələcəkdə digər ölkələrdə keçiriləcək beynəlxalq tədbirlər üçün nümunə kimi göstərilməsi də Azərbaycan adına qürurverici haldır".

Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.

Onun sözlərinə görə, bundan əvvəl ölkəmizdə keçirilən COP29 çərçivəsində bir sıra yeniliklərə və uğurlu təşəbbüslərə imza atılması, eləcə də gələcək COP tədbirlərində bu təcrübədən istifadə olunması ilə bağlı beynəlxalq təşkilatların müsbət münasibət bildirməsi bir daha göstərir ki, Azərbaycan artıq beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkili baxımından mühüm təcrübəyə malikdir. Bu isə ölkəmiz adına olduqca qürurverici məsələdir: "Hazırda davam edən 13-cü Ümumdünya Şəhərsalma Forumu da bir sıra yeniliklərlə yadda qalır. Bu yeniliklərdən biri kimi forum çərçivəsində ilk dəfə qeyri-hökumət təşkilatlarının ayrıca forumunun keçirilməsi xüsusi vurğulanmalıdır. Eyni zamanda, tədbirdə yüksək səviyyəli iştirakçıların çoxluğu və forumun hazırlıq prosesinin dövlət başçısı səviyyəsində diqqətdə saxlanılması da bu tədbirin əhəmiyyətini artıran əsas amillərdəndir.

Bütün bunlar onu deməyə əsas verir ki, WUF13 gələcəkdə digər ölkələrdə keçiriləcək analoji tədbirlər üçün faydalanılacaq təcrübə və ənənə modeli kimi yadda qalacaq. Hesab edirəm ki, forumun bu formada təşkili növbəti illərdə keçiriləcək beynəlxalq şəhərsalma tədbirləri üçün də mühüm və faydalı nəticələr verəcək".