“Forum çərçivəsində sonuncu gündə post-münaqişə dövründə şəhərsalma fəaliyyəti və mina təmizləmə prosesinin roluna həsr olunmuş tədbir keçirildi. Tədbir zamanı olduqca maraqlı və faydalı müzakirələr aparıldı”.
SİA xəbər verir ki, bu barədə ANAMA İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, Azərbaycanda Böyük Qayıdış Proqramına uyğun olaraq genişmiqyaslı fəaliyyət həyata keçirilir və bütün işlər müəyyən plan və ardıcıllıq əsasında icra olunur.
Vüqar Süleymanov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bütün layihələrin əsasında mina təmizləmə prosesi dayanır: “Təhlükəsizlik təmin edilmədən nə bərpa işləri, nə də insanların geri dönüşü mümkündür”.
ANAMA sədri vurğulayıb ki, hazırda azad edilmiş ərazilərdə kənd və şəhərlər yenidən qurulur, infrastruktur layihələri icra edilir və keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin olunur.
Onun sözlərinə görə, 2020-ci ilin noyabr ayından indiyədək 270 min hektardan çox ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.
Vüqar Süleymanov əlavə edib ki, aparılan əməliyyatlar nəticəsində 252 mindən çox mina və digər partlayıcı vasitə aşkarlanaraq zərərsizləşdirilib.
O qeyd edib ki, bu göstəricilər post-münaqişə dövründə mina təmizləmə prosesinin strateji əhəmiyyətini bir daha ortaya qoyur.