“Mina hadisələri nəticəsində 73 nəfər həyatını itirib, 352 nəfər xəsarətləri alıb” -SAMİR POLADOV

22 May 2026 10:40 (UTC+04:00)

Azərbaycanda 1991-ci ildən bu günədək mina və digər partlayıcı sursatların yaratdığı təhlükə minlərlə insanın həyatına təsir göstərib. Rəsmi məlumatlara əsasən, bu müddət ərzində 3 500-dən çox şəxs mina qurbanına çevrilib.SİA xəbər verir ki, bunu ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu" adlı sessiyada deyib.

Məlumata görə, zərərçəkənlər arasında 362 uşaq və gənc, eləcə də 38 qadın yer alır. Bu statistika minaların yalnız hərbi deyil, eyni zamanda ciddi humanitar problem olduğunu bir daha göstərir.

Qeyd edilib ki, xüsusilə postmünaqişə dövründə mina təhlükəsi öz aktuallığını qorumaqda davam edir. Belə ki, təkcə 2020-ci ildən sonra qeydə alınan mina hadisələri nəticəsində 73 nəfər həyatını itirib, 352 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mütəxəssislər bildirirlər ki, minaların təmizlənməsi prosesi ilə yanaşı, əhalinin maarifləndirilməsi və təhlükəsizlik qaydaları barədə məlumatlandırılması da vacib məsələlərdən biridir.