"Bu günə olan qiymətləndirmələrimizə görə, işğaldan azad edilmiş təxminən 11 600 kvadrat kilometr ərazi partlayıcı sursatlarla çirklənib və ya çirklənmiş hesab olunur".
SİA xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini Samir Poladov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil olunan "Postmünaqişə şəhərlərin bərpası: humanitar minatəmizləmə fəaliyyətinin kritik rolu" mövzusunda panel iclasında bildirib.
S.Poladov qeyd edib ki, ən yüksək mina konsentrasiyası keçmiş təmas xətti boyu qeydə alınıb. Həmin ərazilər piyada və tank əleyhinə mina sahələri ilə qorunan müxtəlif hərbi istehkamlardan ibarətdir: "Lakin təhlükə təkcə bu zonalarla məhdudlaşmır. İşğal dövründə bir çox digər ərazilər də minalanıb".
Agentlik rəsmisi azad edilmiş ərazilərdəki mənzərəni belə təsvir edib: "Burada genişmiqyaslı dağıntılar, yerlə-yeksan olmuş evlər, sıradan çıxmış infrastruktur və nəhəng tikinti tullantıları var. Bütün bunlar isə öz növbəsində minalar, tələ-minalar və partlamamış hərbi sursatlarla müşayiət olunur".
Samir Poladovun sözlərinə görə, gündəlik əməliyyatlar zamanı Rusiya istehsalı olan PMN tipli minalara daha çox rast gəlinir: "Həmçinin, mülki infrastrukturun girişlərində, qapı arxalarında, pəncərələrin yanında və digər gözlənilməz yerlərdə tələ-minalar aşkarlanır. 2023-cü ildə ərazi bütövlüyümüz tam bərpa olunduqdan sonra bu ərazilərdə xeyli sayda belə təhlükəli qurğu zərərsizləşdirilib".
Agentlik rəsmisi xüsusilə qəbiristanlıqların kütləvi şəkildə minalandığını vurğulayıb: "Təəssüf ki, məhz bu yerlərdə çoxsaylı mina hadisələri baş verib. Xüsusilə münaqişə bitdikdən dərhal sonra doğma yurdlarına qayıdan və 30 ildən çox müddətdə yaxınlarının məzarlarını ziyarət etmək imkanından məhrum olan keçmiş məcburi köçkünlər bu tələlərin qurbanı olublar. Nəticədə bir çox mülki vətəndaşımız həlak olub və ya yaralanıb".