Azərbaycanda 1991-ci ildən bu günə qədər 3 500-dən çox insan mina qurbanına çevrilib. Onlardan 362 nəfəri azyaşlı və gənc, 38 nəfəri isə qadındır.
SİA xəbər verir ki, bu sözləri ANAMA İdarə Heyəti sədrinin müavini Samir Poladov Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası – World Urban Forum 13 çərçivəsində keçirilən “Münaqişədən Sonra Şəhər Yenidənqurması: Humanitar Mina Təmizlənməsinin Kritik Rolu” adlı sessiyada deyib.
Samir Poladov bildirib ki, təkcə 2020-ci ildən bəri mina hadisələri nəticəsində 73 nəfər həyatını itirib, 352 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
O qeyd edib ki, humanitar mina təmizlənməsi postmünaqişə dövründə təhlükəsiz yaşayışın təmin olunması və yenidənqurma prosesinin sürətləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.