Azərbaycan–Meksika: Yeni əməkdaşlıq perspektivləri - ŞƏRH

21 May 2026 17:22 (UTC+04:00)

“WUF13 çərçivəsində Azərbaycan və Meksika arasında baş tutan müzakirələr müasir beynəlxalq münasibətlərin aktual paradiqmalarını əks etdirir. İlk növbədə, iki ölkə arasında şəhərsalma, şəhər transformasiyası və postmünaqişə bərpası istiqamətində əməkdaşlıq qlobal çağırışlara ortaq cavab mexanizmidir”.

Bu sözləri SİA-yq açıqlamasında politoloq Tural İsmayılov deyib.

O bildirib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi və "Böyük Qayıdış" proqramı çərçivəsində tətbiq etdiyi "ağıllı şəhər" və "yaşıl enerji zonası" konsepsiyaları fərqli coğrafiyada yerləşən, lakin urbanizasiya və bərpa xarakterli problemlərlə üzləşən Meksika üçün unikal praktiki model təqdim edir. Meksikanın isə mürəkkəb geomekanların idarə edilməsi və şəhər infrastrukturunun transformasiyası sahəsindəki zəngin təcrübəsi rəsmi Bakının regional inkişaf strategiyasına töhfə verə bilər. Siyasi nöqteyi-nəzərdən yanaşdıqda, Dünya Şəhərsalma Forumu (WUF) kimi qlobal platformalar dövlətlərarası münasibətlərdə ənənəvi diplomatik çərçivələri aşaraq "yumşaq güç" və sahəvi diplomatiyanın səmərəli alətinə çevrilir. Belə çoxtərəfli forumlar coğrafi baxımdan uzaq, lakin strateji maraqları kəsişən ölkələr arasında birbaşa dialoq kanalları açır, qarşılıqlı etimadı gücləndirir və ikitərəfli əlaqələrin gələcək arxitekturasını formalaşdırır. Azərbaycanın WUF13-dəki fəal iştirakı və növbəti sammitə (WUF14) ev sahibliyi edəcək Meksikaya dəstəyi həm də Bakının beynəlxalq arenada çoxtərəfli əməkdaşlığa verdiyi önəmi nümayiş etdirir və bu təmaslar iki ölkə arasında gələcək siyasi-iqtisadi tərəfdaşlığın institusional əsaslarını möhkəmləndirir”.

Nurgün Qənizadə