“Azərbaycan təcrübəsi nümayiş etdi ki, müasir şəhərsalma yalnız bina tikməkdən ibarət deyil” - ŞƏRH OLUNDU

21 May 2026 17:18 (UTC+04:00)

“Şəhərsalma sahəsində Azərbaycanın dünya miqyasında özünəməxsus yeri və rolu vardır. Azərbaycanın dünya şəhərsalma təcrübəsinə verdiyi töhfələr iki əsas istiqamətdə özünü göstərir. Birincisi, qədim şəhərsalma ənənələri və mədəniyyəti baxımından ölkəmizin zəngin irsi mövcuddur”.
Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev bildirib.
Onun sözlərinə görə, qədim Qəbələdən Naxçıvana, Şamaxıdan Şirvana, Bakıya qədər Azərbaycanın müxtəlif bölgələrində qədim şəhərsalma ənənələrini əks etdirən şəhərlər və yaşayış məntəqələri formalaşıb:

”Bu irsin qorunub saxlanılması xalqımızın mühüm nailiyyətlərindən biridir. Müxtəlif səbəblərdən bəzi qədim şəhərlər əvvəlki əhəmiyyətini itirsə də, şəhərsalma mədəniyyəti və ənənələri xalqımızın yaddaşında və həyat tərzində bu gün də yaşayır.

İkinci mühüm istiqamət isə Azərbaycanın yeni şəhərlərin salınması sahəsində qazandığı təcrübədir. Hələ XIX əsrdən başlayaraq Mingəçevir və Sumqayıt kimi şəhərlərin qurulması xalqımızın şəhərsalma mədəniyyətinin müasir dövrdəki uğurlu təzahürü kimi qiymətləndirilə bilər. Bu baxımdan Azərbaycan həm qədim şəhərçilik ənənələrinə, həm də müasir şəhərlərin yaradılması sahəsində zəngin təcrübəyə malik ölkədir.

Eyni zamanda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə tamamilə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması sahəsində də böyük təcrübə qazanıb. Dünyada təbii və texnogen fəlakətlər nəticəsində dağıdılmış yaşayış məntəqələrinin bərpası ilə bağlı nümunələr olsa da, Ermənistanın işğalı nəticəsində tamamilə viran qoyulmuş ərazilərin yenidən qurulması Azərbaycan üçün xüsusi və unikal təcrübədir. İşğalın ilk illərində həmin ərazilərin vəziyyətinə baxdıqda və bu gün orada yaradılan müasir ağıllı şəhər və kənd layihələrini, yolları və infrastrukturu gördükdə aydın olur ki, bu proses yalnız maliyyə və tikinti məsələsi deyil. Bu, eyni zamanda xalqımızın yaradıcılıq potensialının, şəhərsalma və quruculuq sahəsində malik olduğu yüksək bacarıqların göstəricisidir.

Azərbaycanın təcrübəsi onu da nümayiş etdirir ki, müasir şəhərsalma yalnız bina tikməkdən ibarət deyil. Bu, kompleks yanaşma, sosial rifah, rahat yaşayış mühiti və müasir infrastruktur sistemlərinin qurulması deməkdir. Azad edilmiş ərazilərdə salınan yeni yaşayış məntəqələri bunun bariz nümunəsidir.

Bir sözlə, şəhərsalma forumunda iştirak edən 180-dən çox ölkənin nümayəndələri Azərbaycanın həm qədim şəhərçilik ənənələrindən, həm müasir şəhərsalma təcrübəsindən, həm də işğaldan azad olunmuş ərazilərin yenidən qurulması modelindən faydalı nümunələr götürə bilərlər”.