“Mədəni irsin bərpası istiqamətində fəaliyyətimiz yalnız dağıdılmış obyektlərin yenidən qurulması ilə məhdudlaşmır. Bu proses həm də regionun zəngin mədəni ənənələrinin dirçəldilməsini əhatə edir”.
SİA xəbər verir ki, bu sözləri Azərbaycanın mədəniyyət nazirinin müavini Fərid Cəfərov “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” adlı panel sessiyasında çıxışı zamanı deyib.
Nazir müavini bildirib ki, Şuşada keçirilən Qarabağ Beynəlxalq Musiqi Festivalı kimi tədbirlər mədəni dirçəliş prosesinə mühüm töhfə verir.
Fərid Cəfərov qeyd edib ki, bərpa anlayışı yalnız fiziki yenidənqurma ilə məhdudlaşmır: “Əsas məsələ insanların kimliyinin, ləyaqətinin və doğma torpaqları ilə mənəvi bağlarının yenidən bərpasıdır”.
O vurğulayıb ki, Böyük Qayıdış proqramının əsas məqsədi işğaldan əvvəl mövcud olmuş mədəni və sosial həyatın dirçəldilməsidir.
Nazir müavini əlavə edib ki, bu yanaşma Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Mədəniyyəti – 2040” konsepsiyasında da öz əksini tapıb.
Onun sözlərinə görə, konsepsiya mədəniyyəti insan həyatının, sosial münasibətlərin və dövlət siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirir.
Fərid Cəfərov bildirib ki, təqdim olunan model təhlükəsiz, dayanıqlı və güclü mədəni dirçəliş prinsiplərinə əsaslanır və həm maddi, həm də qeyri-maddi mədəni irsi əhatə edən yeddi mərhələdən ibarətdir.
O qeyd edib ki, son iki ildə UNESCO, ICESCO və ICCROM kimi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq nəticəsində bu model formalaşdırılıb.
Nazir müavini əlavə edib ki, bu ilin oktyabrında Bakıda keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda təşəbbüsün beynəlxalq tərəfdaşlarla daha geniş müzakirəsi planlaşdırılır.
Fərid Cəfərov vurğulayıb ki, Azərbaycanın postmünaqişə bərpası təcrübəsi digər ölkələr üçün də praktik model kimi faydalı ola bilər.