“İqlim dəyişikliyi ciddi təsirlər yaradır və şəhər inkişafına yeni yanaşmalar tələb edir” -GÜLÇÖHRƏ MƏMMƏDOVA

21 May 2026 14:52 (UTC+04:00)

“Ali təhsildə müxtəlif səviyyələr üzrə təhsil proqramlarının hazırlanması, əlbəttə ki, zəruridir. Tamamilə doğrudur ki, artıq bakalavr səviyyəsindən etibarən biz memar, şəhərsalma üzrə mütəxəssis, urbanist və digər əlaqəli sahələrdə çalışan mütəxəssislərə yalnız ixtisas bilikləri deyil, həm də ümumi və multidissiplinar biliklər verməliyik”.
SİA xəbər verir ki, bu sözləri bunu Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Akademiya və Tədqiqat" adlı dəyirmi masada deyib.

Bu gün şəhərlərin qarşısında duran problemlər olduqca aktualdır. İqlim dəyişikliyi ciddi təsirlər yaradır və şəhər inkişafına yeni yanaşmalar tələb edir. Eyni zamanda rəqəmsallaşma amili bu problemlərin həllində əsas istiqamətlərdən birinə çevrilib. Smart şəhərlərin (ağıllı şəhərlərin) formalaşması da məhz bu texnoloji və idarəetmə dəyişikliklərinin nəticəsidir.

Digər mühüm məsələ ondan ibarətdir ki, bu sahələrdə çalışan mütəxəssislər yalnız texniki biliklərlə kifayətlənməməli, eyni zamanda sosial problemlər barədə də geniş məlumata malik olmalıdırlar. Onlar gələcək fəaliyyətlərində insanların, icmaların maraqlarını, ehtiyaclarını və tələblərini nəzərə almağı bacarmalıdırlar.

Buna görə də ali təhsildə bu amillərin hamısının nəzərə alınması xüsusi əhəmiyyət daşıyır. Bu isə həm də təhsil verənlərin öz biliklərini daim inkişaf etdirməsini və müasir tələblərə uyğunlaşmasını tələb edir.

Eyni zamanda universitetlər yalnız tədris müəssisəsi kimi qalmamalı, öz fəaliyyətlərini cəmiyyətə daha geniş şəkildə yaymalıdırlar. Onlar dövlət idarəetmə orqanları, sosial institutlar və yerli icmalarla daha sıx əməkdaşlıq etməli, sosial proseslərdə fəal iştirak etməlidirlər. Bu yanaşma daha savadlı, daha məsuliyyətli və cəmiyyətə yönəlmiş vətəndaşların formalaşmasına mühüm töhfə verə bilər”.