“Ümumilikdə qeyd etmək lazımdır ki, ölkənin inkişaf perspektivləri baxımından əsas hədəflərdən biri inkişaf etməkdə olan ölkə statusundan çıxaraq inkişaf etmiş ölkələr sırasına yüksəlməkdir. Bu məqsədə çatmaq üçün qeyri-neft sektorunun inkişafı xüsusi əhəmiyyət daşıyır. Xüsusilə turizm sektoru bu sahədə dövlət büdcəsinin əsas gəlir mənbələrindən birinə çevrilə bilər”.
Bu sözləri SİA -ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə qonşu ölkələrin təcrübələrindən faydalanmaq vacibdir:
” Eyni zamanda beynəlxalq tədbirlər, forumlar və müxtəlif qlobal platformalar vasitəsilə ölkəyə gələn turistlərin maraqlarına uyğun xidmətlərin inkişaf etdirilməsi önəmlidir. Turizm sahəsində özəl sektorun fəaliyyəti isə daha sistemli və düzgün istiqamətləndirilməlidir.
Turist yalnız iqtisadi gəlir mənbəyi kimi deyil, uzunmüddətli dəyər yaradan bir müştəri kimi qəbul edilməlidir. Yəni xidmət “təqdim et və bitdi” prinsipi ilə deyil, davamlı məmnuniyyət və təkrar ziyarətə əsaslanan bir yanaşma ilə qurulmalıdır.
Bu baxımdan Türkiyə, Gürcüstan, Misir və digər ölkələrin təcrübələri göstərir ki, uğurlu turizm modelinin əsas şərti müştəri məmnuniyyətidir. Həmin ölkələrə səfər edən turistlərin yenidən qayıtmaq istəməsi, xidmət keyfiyyətinin və təcrübənin davamlı şəkildə inkişaf etdirilməsinin nəticəsidir.
Turizm yalnız lüks xidmətlər və yüksək xərclər üzərində qurulmamalıdır. Əksinə, ölkəyə gələn hər bir turist üçün rahat, əlçatan və keyfiyyətli xidmətlərin təmin olunması əsas prioritet olmalıdır. Bu, həm iqtisadi davamlılıq, həm də ölkənin beynəlxalq imicinin gücləndirilməsi baxımından vacibdir.
Məsələn, hava limanlarında turistlər üçün əlverişli və simvolik qiymətlərlə mobil operator xidmətlərinin təqdim edilməsi, eləcə də müştəri xidmətlərinin keyfiyyətinin artırılması bu sahədə mühüm addımlardır. Hazırda bu istiqamətdə müəyyən çatışmazlıqlar mövcuddur və nəzarət mexanizmlərinin gücləndirilməsinə ehtiyac var.
Ümumilikdə, turizm sektorunun effektiv inkişafı üçün mövcud problemlərin tam olmasa da, ən azı böyük bir hissəsinin həll edilməsi vacibdir. Bu halda həm turist axını artar, həm də xidmət keyfiyyəti yüksələr.
Turizm axınının ölkə iqtisadiyyatına, xidmət sektoruna və beynəlxalq imicə müsbət təsiri böyükdür. Eyni zamanda turistin ölkə ilə bağlı təcrübəsi yalnız səfər dövrü ilə məhdudlaşmamalı, onun sonrakı mərhələdə də ölkə iqtisadiyyatı ilə əlaqəsinin davam etməsinə şərait yaradılmalıdır.
Bu yanaşma qeyri-neft sektoruna investisiyaların artmasına, yeni biznes imkanlarının yaranmasına və qeyri-rezident sahibkarlığın inkişafına təkan verə bilər. Nəticədə işsizlik səviyyəsi azalır, dövlət büdcəsinin gəlirləri artır və xarici bazarlara çıxış imkanları genişlənir.
Bundan əlavə, bu sahənin inkişafı üçün xarici ölkələrin səfirləri və beynəlxalq tərəfdaşlarla birgə layihələrin həyata keçirilməsi də mühüm rol oynaya bilər. Belə əməkdaşlıqlar investisiyaların daha etibarlı və dayanıqlı olmasına şərait yaradır.
Turizm potensialının artırılması üçün düzgün təbliğat, sistemli yanaşma və strateji planlaşdırma əsas şərtlərdir”.