“Ən vacib məsələlərdən biri məcburi köçkünlərin öz doğma yurdlarına necə qaytarılmasıdır“ - FARİZ İSMAYILZADƏ

21 May 2026 14:22 (UTC+04:00)

“Araşdırma apardığımız zaman əsas çətinliklərdən biri məlumatların (data) əldə olunmasıdır. Azərbaycan nümunəsində, xüsusilə Qarabağ bölgəsindən və işğaldan azad edilmiş ərazilərdən məcburi köçkün olmuş insanların vəziyyətini qeyd etmək istərdim”.
SİA xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Fariz İsmayılzadə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Akademiya və Tədqiqat" adlı dəyirmi masada deyib.

Onun sözlərinə görə, bu ərazilər azad edildikdən və genişmiqyaslı bərpa-quruculuq işləri başladıqdan sonra yeni şəhər və kəndlərin inşası həyata keçirilir. Bu prosesdə ən vacib məsələlərdən biri məcburi köçkünlərin öz doğma yurdlarına necə qaytarılmasıdır və bunun üçün etibarlı məlumatların haradan əldə olunmasıdır. Xüsusilə onların iqtisadi fəaliyyəti, ailə strukturu, bacarıqları, peşə və təhsil səviyyəsi barədə məlumatlar çox önəmlidir.

Hazırda Azərbaycan hökuməti təxminən 8,000 keçmiş məcburi köçkünü öz doğma torpaqlarına köçürüb və onlar orada yaşayır, təhsil alır və işləyirlər. Yeni icmalar sıfırdan formalaşdırılır, çünki əvvəlki şəhər və kəndlərin böyük hissəsi dağıdılmışdır.

Bu cür yeni yaşayış məntəqələri yaradılarkən əsas çətinliklərdən biri insanların iqtisadi bacarıqları ilə mövcud iş imkanları arasında düzgün uyğunluğun təmin edilməsidir. Eyni zamanda şəhər və kənd planlaşdırılması baxımından da bu çox vacibdir, çünki köçkünlərin bir qismi şəhər mühitindən, bir qismi isə kənd mühitindən gəlmişdir.

Bu məqsədlə Azərbaycan hökuməti mənim işlədiyim ADA Universiteti-ni bu sahədə sorğu tədqiqatları aparmaq üçün cəlb edib. Biz hər il məcburi köçkünlər arasında sorğular keçiririk və onların ehtiyaclarını, seçimlərini, bacarıqlarını, iqtisadi vəziyyətini, gəlirlərini, ailə tərkibini və ən əsası öz yurdlarına qayıtmaq və orada yaşamaq istəklərini araşdırırıq.

Bu genişmiqyaslı tədqiqat layihəsi şəhərsalma, kənd inkişafı və dövlətin bərpa-quruculuq siyasəti üçün çox vacib məlumat bazası yaradır. Eyni zamanda bu təcrübə göstərir ki, universitetlərin dövlət siyasətinə cəlb olunması çox faydalıdır və digər ölkələr üçün də nümunə ola bilər”.