“Bakı mərkəzləşmiş şəhər modelindən dayanıqlı metropoliten sistemə keçməlidir” - Fəriz Əzizov

21 May 2026 11:56 (UTC+04:00)

“Bakının həddindən artıq mərkəzləşmiş şəhər strukturundan daha balanslı metropoliten ekosistemə çevrilməsi, sənaye şəhərindən postsənaye mühitinə keçidi nəzərdə tutur”.

SİA xəbər verir ki, bu barədə Azərbaycan Şəhərsalma müəssisəsinin departamentinin üzvü Fəriz Əzizov WUF13 çərçivəsində keçirilən “Bakı 2040 Baş Planı: şəhərsalmanın yeni mərhələsi” panelində çıxışı zamanı deyib.

O bildirib ki, müasir şəhərlər ənənəvi planlaşdırma modellərindən daha sürətlə dəyişir və bu, şəhərsalma üçün ciddi çağırışlar yaradır.

Fəriz Əzizov qeyd edib ki, gələcək 20 ildə şəhərlərin necə inkişaf edəcəyini dəqiq proqnozlaşdırmaq çətindir: “Hibrid iş modeli, urbanizasiya və texnoloji dəyişikliklər nəqliyyat və şəhər strukturlarını əsaslı şəkildə dəyişir”.

Onun sözlərinə görə, Bakı şəhəri üçün əsas suallardan biri şəhərin gələcək funksional quruluşunun necə formalaşacağıdır.

O əlavə edib ki, 2025–2030-cu illəri əhatə edən nəqliyyat proqramı “Bakı Master Planı 2040”ın prinsiplərinə uyğun hazırlanıb və məqsəd təkcə yolların genişləndirilməsi deyil, ümumi şəhər mobilliyinin yenidən qurulmasıdır.

Fəriz Əzizov vurğulayıb ki, əsas məqsəd şəhərdə həyat keyfiyyətinin yüksəldilməsi, nəqliyyat sisteminin balanslaşdırılması və Bakının dayanıqlı metropoliten məkana çevrilməsidir.