"Çox təəssüf ki, cəmiyyətimizdə qanunlara və qaydalara etinasız yanaşma halları hələ də qalmaqdadır. Bir çox insanlar qaydalara riayət etməyi deyil, onları pozmağı müəyyən mənada üstünlük kimi qəbul edirlər. Halbuki inkişaf etmiş cəmiyyətlərin əsas göstəricilərindən biri məhz qanunlara və ictimai davranış qaydalarına hörmətlə yanaşmaqdır".
Bu sözləri SİA-ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib.

O bildirib ki, iki növ qayda mövcuddur: yazılmış qanunlar və yazılmamış qaydalar. Yazılmamış qaydalar etik davranış kodeksi, ictimai mədəniyyət və insanların bir-birinə münasibəti ilə bağlı olan dəyərlər sistemidir. Bunların hamısını qanun maddəsi şəklində yazmaq mümkün deyil. Bu qaydalar insanın daxili mədəniyyəti və ictimai məsuliyyət hissi ilə formalaşır.
Təəssüf ki, bir çox hallarda bu qaydalara riayət olunmur: "Bunun əsas səbəblərindən biri məsuliyyət və ictimai qınaq mexanizminin zəif olmasıdır. İnsan bilməlidir ki, etdiyi qayda pozuntusu həm hüquqi, həm də ictimai baxımdan qəbulolunmazdır.
Son dövrlərdə müxtəlif sahələrdə tətbiq olunan cərimə və inzibati tədbirlərin müəyyən nəticə verdiyini görürük. Təcrübə göstərir ki, yalnız maarifləndirmə kifayət etmir. Nəzarət, cəza və məsuliyyət mexanizmi də mütləq olmalıdır. Bu, təkcə Azərbaycana aid məsələ deyil. Dünyanın inkişaf etmiş ölkələrində də ictimai qaydalar ciddi nəzarət və yüksək cərimələr hesabına qorunur.
Məsələn, bir çox Avropa ölkələrində ictimai qaydanın pozulmasına görə ciddi maliyyə sanksiyaları tətbiq edilir. İnsanlar həm cərimədən, həm də ictimai qınaqdan çəkindikləri üçün qaydalara əməl etməyə çalışırlar və zamanla bu davranış həyat tərzinə çevrilir.
Bu baxımdan hesab edirəm ki, bizdə də ictimai davranış qaydalarının qorunması istiqamətində daha təsirli mexanizmlər tətbiq olunmalıdır. Söhbət yalnız pul cərimələrindən getmir. Məsələn, qayda pozan şəxslər ictimai faydalı işlərə cəlb oluna bilərlər. Ağacəkmə aksiyalarında iştirak etmək, parkların təmizlənməsində çalışmaq və ya digər sosial işlər görmək kimi tədbirlər həm tərbiyəvi, həm də ictimai baxımdan daha faydalı ola bilər.
Ətraf mühiti zibilləndirməkdən tutmuş ictimai yerlərdə səs-küy yaratmağa qədər bütün bu hallar cəmiyyətin ümumi mədəniyyətinə mənfi təsir göstərir. Ona görə də həm dövlət nəzarəti, həm ictimai nəzarət, həm də məsuliyyət mexanizmi paralel şəkildə işləməlidir.
Çünki cəzasızlıq və nəzarətsizlik heç bir problemi həll etmir. Qanunun aliliyi, ictimai məsuliyyət və qarşılıqlı hörmət isə sağlam və inkişaf etmiş cəmiyyətin əsas şərtlərindən biridir".