14 aprel 2026-cı il tarixində 61 yaşlı Reyhan Pənəyeva Mərkəzi Gömrük Hospitalı-na müraciət etmişdir. Aprelin 9-da pasiyentin üzərindən yük avtomobili keçmiş və o, çoxsaylı travmalar almışdır. Xəstə ilkin olaraq başqa tibb müəssisəsində müalicə olunmuş, orada sağ dirsək oynağının tam çıxığı qapalı reduksiya edilmişdir.
13 aprel tarixində pasiyent müalicəsini davam etdirmək üçün Mərkəzi Gömrük Hospitalına müraciət etmişdir. Qəbul zamanı sağ dirsək oynağının immobilizasiya vəziyyəti (sarğı/asqı ilə), qapalı reduksiyadan sonrakı vəziyyət, sol topuq oynağının oynaqdaxili yerdəyişmiş qapalı sınığı, sağ bud sümüyünün distal hissəsinin çoxparçalı açıq sınığı, həmçinin bud və baldır nahiyəsində yumşaq toxumaların əzilməsi qeydə alınmışdır. Daha sonra pasiyent Təcili tibbi yardım şöbəsinə, oradan isə Reanimasiya şöbəsinə yerləşdirilmişdir.
14 aprel tarixində pasiyent Ramin Rzayev tərəfindən əməliyyata alınmışdır. Sağ bud sümüyünün xarici fiksatorlarla osteosintezi, bud və baldır nahiyələrində yaraların yuyulması və drenaj olunması icra edilmişdir. 17 aprel tarixində sol topuq oynağında medial malleolun qapalı osteosintezi əməliyyatı həyata keçirilmişdir. Reanimasiya şöbəsində aparılan müalicədən sonra pasiyentin vəziyyəti stabilləşmiş və 20.04.2026-cı il tarixində stasionar şöbəyə köçürülmüşdür.
6 may 2026-cı il tarixində pasiyentdə sağ bud və baldır nahiyələrində yaranmış nekrotik dəri və yumşaq toxumaların tam təmizlənməsi (nekrektomiya) icra olunmuşdur. Hazırda pasiyentin vəziyyəti stabildir, yaralar təmiz və sakitdir, laborator göstəriciləri və bədən hərarəti normadadır. Müalicənin növbəti mərhələsinin ambulator və ev şəraitində davam etdirilməsi planlaşdırılır.