“BMT-nin Ümumdünya Şəhərsalma Forumu (WUF13)-ün Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq mövqeyi baxımından olduqca mühüm hadisədir. Bu forum şəhərsalma, urbanizasiya, dayanıqlı inkişaf və gələcəyin şəhər modelləri üzrə dünyanın ən böyük qlobal platformalarından biri hesab olunur” .
Bu sözləri SİA -ya açıqlamasında politoloq Turan Rzayev bildirib.
Onun sözlərinə görə, uzun illər Azərbaycan daha çox enerji resursları və strateji geosiyasi mövqeyi ilə tanınırdı:
”Lakin son illərdə ölkənin beynəlxalq imici genişlənərək yeni istiqamətlər üzrə də formalaşır.
“İndi Bakı özünü qlobal tədbirlərin keçirildiyi, beynəlxalq dialoqların formalaşdığı və müasir inkişaf modellərinin müzakirə olunduğu mərkəz kimi təqdim edir. Müasir dövrdə dövlətlərin nüfuzu yalnız iqtisadi və hərbi güclə deyil, həm də beynəlxalq platformalara ev sahibliyi etmək qabiliyyəti ilə ölçülür”.
Forum Azərbaycanın şəhərsalma və infrastruktur sahəsində həyata keçirdiyi siyasəti dünya ictimaiyyətinə təqdim etmək üçün geniş imkan yaradır. Son illərdə Bakının urban transformasiyası, nəqliyyat infrastrukturunun yenilənməsi, “ağıllı şəhər” və “ağıllı kənd” layihələri, eləcə də işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri əsas təqdimat mövzularından biridir.
Bu, ölkəyə həm siyasi, həm də iqtisadi baxımdan əlavə üstünlüklər qazandırır. Azərbaycan forum çərçivəsində təkcə ev sahibi kimi deyil, həm də şəhərsalma və müasir urban idarəetmə sahəsində təcrübə təqdim edən ölkə kimi çıxış edir.
Ən mühüm məqamlardan biri Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan yenidənqurma prosesləridir. Azərbaycan bu forum vasitəsilə həmin ərazilərdə həyata keçirilən genişmiqyaslı layihələri beynəlxalq auditoriyaya nümayiş etdirir. Bu, dağıdılmış bölgələrin qısa müddətdə müasir urbanizasiya prinsipləri əsasında yeni inkişaf zonasına çevrildiyini göstərir.
WUF13 həm də Azərbaycanın beynəlxalq əlaqələr şəbəkəsini genişləndirir. Dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, şəhər rəhbərləri, investorlar və ekspertlər Bakıya gəlir. Bu isə Azərbaycanın yumşaq güc imkanlarını daha da gücləndirir”.