Media savadlılığı informasiya cəmiyyəti üçün önəmli faktordur

20 May 2026 14:11 (UTC+04:00)

Mətləb Salahov: “Cəmiyyət feyk və qərəz dolu informasiya ilə düzgün xəbəri ayırd etmək imkanında olmalıdır”

"Sosial şəbəkələrin və informasiya bumunun gündəlik həyatımızı "işğal" etdiyi bir zamanda media savadlılığı olduqca önəm daşıyan məqamdır. İlk növbədə ona görə ki, informasiya bolluğu şəraitində yaşayan, günün əksər hissəsini sosial şəbəkələrdə bu və digər şəkildə ən müxtəlif xəbərlər qəbul etməklə keçirən Azərbaycan cəmiyyəti sağlam və dürüst informasiya seçiminə sahib olmalıdır. Feyk xəbərlərin tüğyan etdiyi hazırkı şəraitdə bu olduqca vacib məsələdir".

Bu fikirləri SİA-ya açıqlamasında jurnalist ekspert Mətləb Salahov bildirib. O xüsusilə bir məqama diqqət çəkib ki, media savadlılığı deyəndə ilk növbədə Kütləvi İnformasiya Vasitələrində, mediada yayılan məlumatları qiymətləndirmək səriştəsi nəzərdə tutulur. “İnsanların müəyyən səriştəsi olmalıdır ki, mediada yayılan məlumatları dəyərləndirə bilsin, doğrudur yoxsa yalandır, nə məqsədlə yayılır, mənbəyi nədir?.
Yəni cəmiyyət ona təqdim edilən və kobud şəkildə ifadə etsək ona sırıdılan feyk və qərəz dolu informasiya ilə düzgün xəbəri ayırd etmək imkanında olmalıdır. Düzdür, MEDİA Agentliyinin bu istiqamətdə maarifləndirici tədbirləri gözəl prosesdir. Bu tədbirlər ictimai rəyin maairfləndirilməsi baxımından əhəmiyyətli işdir.
Eyni zamanda düşünürəm ki, media savadlılığı məsələsində geniş media subyektləri və vətəndaş cəmiyyətlərini təmsil edən QHT-lər fəal rol oynamalıdırlar. Bu, prosesin effektliyi üçün vacib məqamdır”.

Afət Tahirqızı