"Azərbaycanın yaşıl inkişaf və enerji təhlükəsizliyi sahəsində qlobal rolu artır" - POLİTOLOQ

20 May 2026 14:08 (UTC+04:00)

"Azərbaycan Prezidenti İlham Əliyev Avropa televiziya kanalına verdiyi müsahibədə bir neçə mühüm istiqamət üzrə Azərbaycanın strateji mövqeyini və gələcək hədəflərini diqqətə çatdırıb".

Bu sözləri SİA-ya açıqlamasında politoloq Oqtay Qasımov deyib.

O bildirib ki, Prezident ilk növbədə Bakıda keçirilən WUF13 forumunun əhəmiyyətindən danışaraq bildirib ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı layihələrlə artıq dünyaya nümunə göstərilən model formalaşdırıb. Xüsusilə “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyalarının tətbiqi, yaşıl enerji texnologiyalarından istifadə və müasir infrastruktur layihələri bu baxımdan xüsusi önəm daşıyır: "Müsahibədə qeyd olunub ki, Qarabağ və Şərqi Zəngəzurda yollar, körpülər, tunellər, elektrik stansiyaları, su və Günəş enerjisi layihələri sürətlə icra edilir. Bu isə regionun həm iqtisadi, həm də ekoloji baxımdan davamlı inkişafına xidmət edir.

Prezident eyni zamanda enerji təhlükəsizliyi məsələsinə də xüsusi toxunub. Hazırkı beynəlxalq gərginlik fonunda Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi rolunun artdığı vurğulanıb. Bildirilib ki, Azərbaycan artıq 16-dan çox ölkəyə təbii qaz ixrac edir və gələcəkdə bu coğrafiya daha da genişlənə bilər.

Dövlət başçısı qeyd edib ki, qarşıda duran əsas məsələlərdən biri enerji istehsalının artırılmasıdır. Azərbaycan bu istiqamətdə əvvəlcədən strateji addımlar ataraq enerji infrastrukturunu modernləşdirib və bu gün həmin siyasətin nəticələri özünü açıq şəkildə göstərir. Müasir və dayanıqlı infrastruktur Azərbaycanın beynəlxalq arenada etibarlı təchizatçı statusunu daha da gücləndirir.

Müsahibədə iki əsas məqam xüsusi vurğulanır. WUF13 kimi qlobal forumun Azərbaycanda keçirilməsi və ölkənin yaşıl inkişaf təcrübəsinin dünya ilə paylaşılması mühüm əhəmiyyət daşıyır. Eyni zamanda, Azərbaycanın enerji təhlükəsizliyi sahəsində həyata keçirdiyi şaxələndirilmiş siyasətin uğurlu nəticələri diqqətə çatdırılır.

Bütün bunlar Azərbaycanın həm regional, həm də qlobal səviyyədə strateji əhəmiyyətinin artdığını göstərən mühüm amillər kimi qiymətləndirilir".