"Rəsmi statistikaya əsasən orta əmək haqqı yüksəlib. Lakin orta əmək haqqının yüksəlməsi sırf əhalinin gəlirlərinin artması ilə bağlı deyil. Məsələn, müəyyən peşədə çalışıb yüksək əmək haqqı alan şəxslər var, həmçinin minimum əmək haqqı ilə çalışanlar da mövcuddur".
Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Günay Hüseynova deyib.
.jpg)
Onun sözlərinə görə, cəmləri toplayıb böləndə sanki gəlir artıbmış kimi görünür: "Amma əslində yüksək əmək haqqı alanın gəliri daha da artıb, digərinin isə olduğu kimi qalıb. Yenə də toplayıb böləndə orta rəqəm yüksəlir.
Maaşdan maaşa yaşamaq tendensiyasını və xüsusilə sosial şəbəkələrdə gedən müzakirələri nəzərə alaraq açıqlama gətirim ki, bu nisbət bir o qədər də yüksək deyil. Məsələn, vergiyə bəyan olunmayan gəlirlər, rəsmi əmək haqqından kənar əlavə qazanc mənbələri saysız-hesabsızdır.
Əslində, bu şəraiti biz özümüz yaratmışıq. Nəticədə qeyri-formal bir mühit formalaşıb, pul dövriyyəyə daxil olmur.
Məsələn, x bir şəxsin əlində müəyyən yığım var. Nə onu dövriyyəyə buraxır, nə daşınmaz əmlak alır, ən yaxşı halda ölkə xaricinə çıxarır və ya “yastıq altı” saxlayır. Çünki sosial yardım alır. Həm sistemdə ona aid hər şey görünür, həm də evə baxış keçirilərkən mütəxəssis az-çox şəraiti müşahidə edir.
İkinci bir məsələ isə odur ki, məsələn, x bir şəxsin əmək haqqı vergidən yayınmaq məqsədilə az göstərilir. Amma həmin şəxsin adına yüksək məbləğli ipoteka və ya MTK-da daxili kreditlə alınmış ev olur. Nəzarət edən yoxdur ki, əmək haqqısı ilə bu xərcləri qarşıladığı halda, zəruri ehtiyaclarını hansı vəsaitlə təmin edir.
Bunun başqa bir bariz nümunəsi isə toy adət-ənənələridir. Milli dəyərlərimiz var, hər kəs xeyirdə də, şərdə də iştirak edir. Ən azı yazılan məbləğ 100 manatdır. Ayda minimum 4 dəvətnamə bir evə gəlir. Minimum əmək haqqı ilə bu mümkündürmü? Əlbəttə ki, xeyr.
Ona görə də əhali arasında işlədilən “maaşdan maaşa yaşamaq” termini tam əsaslı görünmür".