"25 il ərzində şəhər əhalisinin 70 faizə çatacağı gözlənilir" - RİZVAN NƏBİYEV

20 May 2026 14:00 (UTC+04:00)

World Urban Forum çərçivəsində keçirilən “Mediya ictimai müzakirələrin, mənzil siyasətinin və şəhər dayanıqlılığının formalaşdırıcı qüvvəsi kimi” mövzusunda paneldə çıxışın böyük şərəf olduğu bildirilib.

SİA xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Rizvan Nəbiyev WUF13 çərçivəsində keçirilən panel sessiyasında deyib.

O qeyd edib ki, dünyada urbanizasiya sürətlə artır, 25 il ərzində şəhər əhalisinin 70 faizə çatacağı gözlənilir, eyni zamanda yüz milyonlarla insan mənzil problemi ilə üzləşir və bu, qlobal miqyasda ciddi çağırışlar yaradır.

Deputat bildirib ki, müasir şəhərlər artıq yalnız fiziki infrastruktur deyil, həm də informasiya, kommunikasiya və ictimai etimad üzərində formalaşır.

O, Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışlarına istinad edərək qeyd edib ki, media bu gün strateji ictimai və milli təhlükəsizlik alətidir.

Rizvan Nəbiyev medianın şəhər dayanıqlılığında rolunu dörd istiqamətdə ümumiləşdirib: məlumatlandırma, dialoq platformasının yaradılması, hesabatlılığın gücləndirilməsi və innovasiyanın təşviqi.

O bildirib ki, sosial media və rəqəmsal platformalar sayəsində yerli urban məsələlər qlobal gündəmə sürətlə çıxır, bu da ictimai iştirakçılığı artırır.

Deputat eyni zamanda dezinformasiya və qütbləşmə kimi risklərin də mövcud olduğunu vurğulayıb və inklüziv müzakirələrin vacibliyini qeyd edib.

O, Azərbaycanın postmünaqişə bərpa təcrübəsindən danışaraq bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı yenidənqurma və köç prosesləri beynəlxalq medianın diqqət mərkəzində olub.

Qeyd olunub ki, hazırda azad edilmiş ərazilərdə on minlərlə keçmiş məcburi köçkün artıq yenidən salınmış yaşayış məntəqələrinə qayıdıb və bərpa prosesi davam edir.

Deputat sonda bildirib ki, dayanıqlı şəhərlərin gələcəyi yalnız fiziki infrastrukturla deyil, həm də güclü informasiya mühiti və ictimai dialoqla formalaşır və bu prosesdə medianın rolu həlledicidir.