Nağdsız ödənişlərdə geri qaytarma problemi: Pul ən gec neçə günə hesaba oturmalıdır? - VƏKİL AÇIQLADI

20 May 2026 13:53 (UTC+04:00)

Son vaxtlar nağdsız ödənişlərlə edilən alış-verişlərdə vətəndaşların ən çox şikayət etdiyi məsələlərdən biri geri qaytarılan pulların gecikməsidir. Mağazada məhsul qaytarılsa da və “pulu geri qaytardıq” deyilsə də, vəsaitin hesaba günlərlə oturmaması alıcılar arasında narazılıq yaradır. Bəzi hallarda bu gecikmələr 3-5 iş gününü də keçir və məsuliyyətin bankda, yoxsa satıcı şirkətdə olduğu sual doğurur. Bəs bu prosesdə əsas problem haradadır və vətəndaşlar hüquqlarını necə qoruya bilər? Qanunla bu prosesin konkret bir müddəti varmı? Vətəndaş pulunu ən geci neçə günə hesabında görməlidir? Burada əsas məsuliyyət bankdadır, yoxsa mağazada?

Məsələ ilə bağlı vəkil Elnur Məmmədov SİA-ya açıqlamasında bildirib ki, nağdsız ödənişlərdə məhsul qaytarıldıqdan sonra pulun karta gec oturması Azərbaycanda ən çox rast gəlinən istehlakçı şikayətlərindən biridir:

"Praktikada mağaza “geri qaytardıq” (refund) desə də, vəsaitin kart hesabında görünməsi dərhal baş vermir. Bu prosesdə həm satıcı bankı, həm də kartın aid olduğu bank iştirak edir. Azərbaycan qanunvericiliyində kartla edilmiş ödənişin geri qaytarılması üçün dəqiq müddət yoxdur. Lakin istehlakçı hüquqlarını tənzimləyən qaydalara əsasən, satıcı qaytarılmalı olan məbləği əsassız olaraq gecikdirməməlidir. Bank kartı əməliyyatlarının texniki qaydalarına görə isə əksər hallarda vəsait 3, bəzən isə 5 iş günü ərzində karta qaytarılır. Praktik olaraq, alıcı pulu ən gec 14 iş günü ərzində hesabında görməlidir. Bu müddət keçdikdə artıq rəsmi şikayət vermək üçün əsas yaranır. Əslində mağaza yalnız sözlə “qaytardıq” deyirsə, lakin əməliyyatı bank sisteminə göndərməyibsə, məsuliyyət tam şəkildə mağazanın üzərindədir. Alıcı bunu dəqiqləşdirmək üçün mağazadan pulun geriqaytarılma qəbzini tələb edə bilər. Əgər geriqaytarma əməliyyatı artıq kart sistemində təsdiqlənibsə, lakin vəsait kart hesabında görünmürsə, məsuliyyət kartı buraxan bankın üzərinə düşür. Əgər gecikmə nəticəsində istehlakçıya maddi zərər dəyibsə, kompensasiya tələb etmək mümkündür. Ola bilər ki, vətəndaş kredit kartı ilə ödəniş edir, lakin geriqaytarma müddəti uzandığı üçün həmin məbləğin üzərinə faiz gəlir və beləliklə də vətəndaş zərər görmüş olur. Bu zaman vətəndaş mağazaya yazılı müraciət edərək maliyyə itkisi ilə bağlı təsdiqedici sənədi də təqdim etməklə kompensasiya tələb edə bilər. Kartı bloklamaq geriqaytarmanı sürətləndirmir, əksinə belə olan halda gecikmə müddəti uzana bilər. Gecikmə müddətinin uzanması bankın təqsirindən baş verdiyi halda vətəndaş Azərbaycan Respublikasının Mərkəzi Bankına, mağazanın təqsirindən baş verdiyi halda isə Antiinhisar və istehlak bazarına nəzarət dövlət agentliyinə müraciət edə bilər".