“Plastik çirklənməsi artıq gələcəyin deyil, bugünün problemidir” - BMT rəsmisi

20 May 2026 12:32 (UTC+04:00)

“Hazırda müzakirə olunan Qlobal Plastik Müqaviləsi şəhərlərin və dövlətlərin plastik çirklənməsi ilə mübarizəsi üçün mühüm beynəlxalq hüquqi çərçivə yaradır. Lakin bu çərçivənin real nəticə verməsi üçün şəhərlər və yerli idarəetmə qurumları praktiki tətbiq baxımından daha da gücləndirilməlidir”.

SİA xəbər verir ki, bu sözləri BMT-nin Ətraf Mühit Proqramının (UNEP) Submilli İqlim Fəaliyyəti Bölməsinin rəhbəri Sharon Gil WUF13 çərçivəsində keçirilən “Plastik çirklənmə ilə mübarizə: yaşana bilən şəhərlərin və dairəvi iqtisadiyyatın təşviqi” adlı panel sessiyasında deyib.

O bildirib ki, dekabrın 22-də Luis Vayas Valdivieso Qlobal Plastik Müqaviləsi üzrə Hökumətlərarası Danışıqlar Komitəsinin (INC) yeni sədri seçilib və bu proses plastik çirklənməsi ilə mübarizədə mühüm mərhələdir.

Şaron Gil qeyd edib ki, plastik çirklənməsi artıq bütün ölkələri, cəmiyyətləri və planetimizi təsir edən qlobal problemdir: “BMT-nin Plastik Təşəbbüsü plastiklərin istehsalı, istifadəsi və idarə olunmasına yanaşmanı kökündən dəyişdirməyi hədəfləyir”.

Onun sözlərinə görə, əsas məqsəd “istehsal et–istifadə et–at” prinsipi ilə işləyən xətti iqtisadi modeldən imtina edərək daha davamlı və dairəvi iqtisadi sistemə keçməkdir.

Şaron Gil problemin miqyasını göstərmək üçün Fransada aparılmış araşdırmalara diqqət çəkib: “Hətta insanların çox az getdiyi Alp dağlarının zirvələrində belə mikroplastiklər aşkarlanıb. Bu isə mikroplastiklərin artıq yağış sularına qədər yayıldığını göstərir”.

O vurğulayıb ki, plastiklə qablaşdırılmış gündəlik məhsulların belə ətraf mühitə uzunmüddətli təsiri var: “Bir bananı plastikə bükmək buna dəyərmi, əgər nəticədə yağışımızın içində plastik olacaqsa?”

UNEP rəsmisi bildirib ki, plastik çirklənməsi artıq uzaq gələcəyin deyil, bugünkü reallığın problemidir və bu çağırışa qarşı hökumətlər, şirkətlər və cəmiyyət birlikdə hərəkət etməlidirlər.