“Mənzil əlçatanlığının ümumilikdə qənaətbəxş olduğunu demək olar” - ANAR VƏLİYEV

20 May 2026 12:18 (UTC+04:00)

“Paytaxtda son illərdə müşahidə olunan intensiv yağıntılar şəhər təsərrüfatına mənfi təsir göstərib. “Bakı şəhərində son 5 ildə yağıntıların səviyyəsi əvvəlkilərlə müqayisədə daha yüksək olub. Bu, iqlim dəyişikliklərinin aydın göstəricisidir. Buna görə də bir sıra vacib tədbirlərin görülməsi zəruridir. Mövcud drenaj infrastrukturu və kanalizasiya sistemi olsa da, yağış və sel sularının idarə olunması üçün bu imkanlar kifayət etmir”.
SİA xəbər verir ki, bunu ADA Universitetinin dosenti Anar Vəliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Davamlı, möhkəm və inklüziv bir bərpaya doğru: Azərbaycanda Davamlı Şəhərlər Çərçivəsinin tətbiqi" adlı tədbirdə deyib.

A. Vəliyev mənzil təminatı məsələsinə toxunaraq paytaxtın yaşayış fondu ilə bağlı mövcud vəziyyəti diqqətə çatdırıb: “Mənzil əlçatanlığının ümumilikdə qənaətbəxş olduğunu demək olar. Mənzillərin mövcudluğu, mülkiyyət və sahiblik hüquqları normal şəkildə tənzimlənir. Lakin əsas problem mənzil fondunun keyfiyyəti, xüsusilə də köhnəlmiş binalarla bağlıdır. Şəhərin yaşayış şəraitini müəyyən edən göstəricilər – hava keyfiyyəti, təmizlik, mədəni mühit, səhiyyə və təhlükəsizlik – ümumilikdə yaxşı səviyyədədir”.

Rəqəmsallaşma və elektron xidmətlər barədə danışan A. Vəliyev bildirib ki, internetə çıxış geniş yayılıb: “Elektron hökumət xidmətlərindən istifadə, səsvermə və digər rəqəmsal xidmətlər kifayət qədər inkişaf edib. Ağıllı xidmətlər və elektron idarəetmə sistemi ümumilikdə işlək vəziyyətdədir. Bu sahədə ciddi problem müşahidə olunmur”.