PR-in transformasiyası: 2005-dən 2026-ya qədər dəyişən kommunikasiya dünyası

20 May 2026 11:39 (UTC+04:00)

PR fəaliyyəti 2005-ci illərlə 2026-cı illər arasında mahiyyət etibarilə ciddi transformasiyaya uğramışdır. Bu dəyişiklik yalnız texnoloji inkişafla bağlı deyil, həm də kommunikasiya modelinin, media mühitinin və auditoriya davranışlarının köklü şəkildə dəyişməsi ilə əlaqədardır. 2005-ci illərdə PR daha çox ənənəvi media üzərində qurulmuş bir sistem idi və əsas məqsəd məlumatın qəzet, televiziya və radio vasitəsilə ictimaiyyətə çatdırılmasını təmin etməkdən ibarət idi.

2005-ci illərdə PR prosesinin mərkəzində press-reliz dayanırdı. Qurumlar və şirkətlər tərəfindən hazırlanmış press-relizlər əsasən Word formatında tərtib olunur, rəsmi üslubda yazılır və media orqanlarının redaksiyalarına elektron poçt vasitəsilə göndərilirdi. Bəzi hallarda bu materiallar çap olunmuş formada və ya elektron daşıyıcılar (CD, DVD) üzərindən də təqdim edilirdi. Media orqanları isə həmin məlumatları öz redaksiya siyasətinə uyğun olaraq seçir və uyğun hesab etdikləri halda xəbər formatında yayımlayırdılar. Həmin dövrdə televiziya PR fəaliyyətində əsas platformalardan biri hesab olunurdu.

Zaman keçdikcə informasiya mühitində mühüm dəyişikliklər baş vermişdir. Xüsusilə sosial media platformalarının inkişafı PR sahəsinin strukturunu dəyişdirmişdir. 2010-cu illərdən etibarən informasiya yayımı yalnız ənənəvi media vasitəsilə deyil, həm də rəqəmsal platformalar üzərindən həyata keçirilməyə başlanmışdır. Bu mərhələdə PR fəaliyyəti tədricən kontent istehsalı və auditoriya ilə birbaşa kommunikasiya istiqamətinə yönəlmişdir.

2026-cı ildə PR artıq tamamilə rəqəmsal, data əsaslı və çoxkanallı kommunikasiya sistemi kimi fəaliyyət göstərir. Bu dövrdə sosial media platformaları, rəqəmsal xəbər portalları, podcast formatları və video platformalar əsas kommunikasiya vasitələrinə çevrilmişdir. PR prosesində süni intellekt texnologiyalarından geniş istifadə olunur. Bu texnologiyalar vasitəsilə media monitorinqi aparılır və auditoriya davranışları analiz edilir.

2026-cı ildə televiziya kanalları da rəqəmsal transformasiyaya uyğun şəkildə fəaliyyət göstərir. Ənənəvi dövrdə istifadə olunan fiziki və ya sadə elektron təqdimat formaları artıq yerini inteqrasiya olunmuş rəqəmsal media dəstlərinə vermişdir. PR strukturları tərəfindən hazırlanan materiallar video, mətn və metadata elementlərini özündə birləşdirən kompleks formatda media qurumlarına təqdim olunur. Bu materiallar birbaşa rəqəmsal newsroom sistemlərinə inteqrasiya edilir və bir çox hallarda avtomatlaşdırılmış sistemlər tərəfindən emal olunur. Rəqəmsal xəbər redaksiyası sistemləri — media və PR sahəsində xəbərlərin hazırlanması, idarə olunması və yayımlanmasını rəqəmsal mühitdə təşkil edən platformalardır.

Müasir dövrdə kommunikasiya modeli əvvəlki dövrlərlə müqayisədə köklü şəkildə dəyişmişdir. 2005-ci illərdə PR fəaliyyəti əsasən bir istiqamətli kommunikasiya modelinə əsaslanırdı. Bu modeldə informasiya axını tam şəkildə nəzarət edilən və mərhələli bir proses kimi həyata keçirilirdi. Yəni məlumat ilk olaraq qurum və ya təşkilat tərəfindən hazırlanır, daha sonra media orqanlarına təqdim olunur, media isə həmin məlumatı redaksiya siyasətinə uyğun şəkildə emal edərək ictimaiyyətə çatdırırdı. Bu sistemdə auditoriyanın rolu passiv xarakter daşıyırdı və əsas funksiyası təqdim olunan məlumatı qəbul etməkdən ibarət idi. Auditoriya ilə birbaşa qarşılıqlı əlaqə isə olduqca məhdud idi.

Bu dövrdə kommunikasiya prosesi daha çox “yayım modeli” üzərində qurulmuşdu. Məlumatın idarə olunması əsasən media qurumlarının və redaksiyaların əlində cəmlənmişdi. PR mütəxəssisinin əsas vəzifəsi isə xəbərin mediada yer almasını təmin etmək idi. İctimai rəyin formalaşması isə dolayısı yolla, media vasitəsilə baş verirdi. Auditoriyanın geribildirim imkanları məhdud olduğu üçün kommunikasiya əsasən birtərəfli axın kimi fəaliyyət göstərirdi.

Zaman keçdikcə rəqəmsal texnologiyaların inkişafı bu modeli tamamilə dəyişdirmişdir. Xüsusilə sosial media platformalarının geniş yayılması kommunikasiya prosesini mərkəzləşdirilmiş sistemdən çıxararaq şəbəkə əsaslı modelə çevirmişdir. 2026-cı ildə kommunikasiya artıq çox istiqamətli və interaktiv xarakter daşıyır. Bu modeldə informasiya yalnız bir mənbədən auditoriyaya ötürülmür, əksinə, müxtəlif iştirakçılar arasında davamlı qarşılıqlı əlaqə şəklində formalaşır.

Kommunikasiya mühitində auditoriya artıq passiv qəbul edən tərəf deyil, aktiv iştirakçı kimi çıxış edir. İnsanlar yalnız məlumatı istehlak etmir, eyni zamanda ona reaksiya verir, onu paylaşır, şərh edir və yeni kontent yaradır. Beləliklə, auditoriya kommunikasiya prosesinin tərkib hissəsinə çevrilir və informasiya axınının istiqamətinə birbaşa təsir göstərir. Bu vəziyyət PR fəaliyyətində güc balansını dəyişmiş, informasiya üzərində tək nəzarət anlayışını aradan qaldırmışdır.

2026-cı ildə kommunikasiya ekosistemi tamamilə şəbəkələşmiş struktura malikdir. Bir məlumat eyni anda müxtəlif platformalarda – sosial media, xəbər portalları, video platformalar, podcast kanalları və digər rəqəmsal mühitlərdə yayılır və hər bir platformada fərqli auditoriya reaksiyaları formalaşır. Bu reaksiyalar isə yeni informasiya axınları yaradır və kommunikasiya prosesi davamlı dövri hərəkət halına keçir.

Eyni zamanda süni intellekt texnologiyaları da bu prosesin mühüm hissəsinə çevrilmişdir. AI sistemləri auditoriya davranışlarını analiz edir, trend istiqamətlərini müəyyənləşdirir və kommunikasiya strategiyalarının optimallaşdırılmasına dəstək verir. Bu, PR fəaliyyətini daha dinamik və çevik bir sistemə çevirmişdir.

Nəticə etibarilə, kommunikasiya modeli 2005-ci illərdə sadə, bir istiqamətli və media mərkəzli bir sistem olduğu halda, 2026-cı ildə çox istiqamətli, interaktiv, şəbəkə əsaslı və auditoriyanın aktiv rol oynadığı kompleks bir ekosistemə çevrilmişdir. Bu dəyişiklik PR sahəsinin mahiyyətini də transformasiya edərək onu yalnız məlumat yayımı funksiyasından çıxarıb, ictimai rəyin formalaşmasını idarə edən strateji bir sistemə çevirmişdir.

2005-ci illərdə mətbuat konfranslarının təşkili

2005-ci illərdə mətbuat konfransları PR fəaliyyətinin ən mühüm kommunikasiya formalarından biri hesab olunurdu. Bu konfranslar əsasən fiziki məkanlarda otellərdə, konfrans zallarında və ya təşkilatların öz inzibati binalarında keçirilirdi.

Media nümayəndələri əvvəlcədən telefon və ya faks vasitəsilə dəvət olunur, bəzən isə rəsmi dəvətnamələr çap edilərək jurnalistlərə göndərilirdi. Konfransın keçirildiyi gün jurnalistlər fiziki olaraq məkana toplaşır, qeydiyyatdan keçir və tədbirə daxil olurdular.

Mətbuat konfransının strukturu adətən standart idi: əvvəlcə rəsmi çıxışlar edilir, daha sonra jurnalistlərin sualları cavablandırılırdı. Suallar çox vaxt yazılı şəkildə təqdim edilmir, yerində şifahi olaraq verilir və cavablandırılırdı.

Texniki baxımdan isə konfranslar sadə idi. Səs sistemləri, proyektor və bəzən də foto-video çəkiliş üçün məhdud imkanlar mövcud olurdu. Konfransın sonunda jurnalistlərə çap olunmuş press-relizlər, broşürlər və bəzən CD formatında əlavə materiallar təqdim edilirdi.

Bu dövrdə mətbuat konfransının əsas məqsədi mediada xəbər çıxarılmasını təmin etmək idi və uğur meyarı olaraq jurnalistlərin iştirakı və yayımlanan xəbərlərin sayı əsas götürülürdü.

Zaman keçdikcə informasiya mühitində mühüm dəyişikliklər baş vermişdir. Xüsusilə sosial media platformalarının inkişafı PR sahəsinin strukturunu dəyişdirmişdir. 2010-cu illərdən etibarən informasiya yayımı yalnız ənənəvi media vasitəsilə deyil, həm də rəqəmsal platformalar üzərindən həyata keçirilməyə başlanmışdır. Bu mərhələdə PR fəaliyyəti tədricən kontent istehsalı və auditoriya ilə birbaşa kommunikasiya istiqamətinə yönəlmişdir.

2026-cı ildə mətbuat konfransları

2026-cı ildə mətbuat konfransları artıq tamamilə hibrid və rəqəmsal formatda həyata keçirilir. Fiziki iştirak hələ də mövcuddur, lakin əsas kommunikasiya mühiti rəqəmsal platformalara inteqrasiya olunmuşdur.

Konfranslar eyni anda həm zalda, həm də onlayn platformalarda canlı yayımlanır. Jurnalistlər artıq fiziki olaraq məkana gəlmədən də tədbirə qoşula bilir, suallarını canlı chat, video bağlantı və ya əvvəlcədən göndərilmiş rəqəmsal formalar vasitəsilə təqdim edirlər.

Ən mühüm dəyişikliklərdən biri də odur ki, konfranslar artıq yalnız insan auditoriyası üçün deyil, həm də rəqəmsal sistemlər və AI əsaslı media monitorinq alətləri üçün optimallaşdırılır. Sistemlər çıxışları avtomatik transkripsiya edir, əsas mesajları çıxarır və dərhal müxtəlif platformalara uyğun formatda yayır.

Mətbuat konfransının strukturu da dəyişmişdir. Rəsmi çıxışlardan sonra yalnız sual-cavab deyil, həm də real vaxtda sosial media reaksiyalarının analizi aparılır. Auditoriyanın hansı hissəsinin hansı mövzuya daha çox reaksiya verdiyi dərhal müəyyən edilir.

Eyni konfransdan video qısa kliplər, sosial media postları, podcast çıxarışları və xəbər məqalələri avtomatik yaradılır.

Maraqlı fərq

2005-ci ildə mətbuat konfransı bitdikdən sonra kommunikasiya prosesi başa çatmış hesab olunurdu.

2026-cı ildə isə mətbuat konfransı bitdikdən sonra əsl PR prosesi başlayır — çünki kontent dərhal analiz olunur, paylaşılır, yenidən istehsal edilir və auditoriya reaksiyası əsasında yeni kommunikasiya formaları yaranır.

PR fəaliyyəti və xüsusilə mətbuat konfranslarının formatı göstərir ki, kommunikasiya artıq statik bir proses deyil. PR daim inkişaf edir və dəyişir. Dünən effektiv olan metodlar bu gün yenilənir, bu gün işləyən yanaşmalar isə sabah daha avtomatlaşdırılmış və data əsaslı sistemlərlə əvəz olunur.

2005-ci illərlə 2026-cı illər arasında PR sahəsində ən böyük fərq kommunikasiya üzərində nəzarətin və informasiya axınının istiqamətinin dəyişməsidir. 2005-ci ildə PR əsasən mərkəzləşdirilmiş və bir istiqamətli sistem idi; yəni məlumat qurumdan media vasitəsilə ictimaiyyətə ötürülür və prosesin əsas idarəedicisi media redaksiyaları olurdu. Auditoriya isə bu prosesdə passiv qəbul edən tərəf kimi çıxış edirdi. 2026-cı ildə isə PR tamamilə şəbəkə əsaslı və interaktiv modelə keçmişdir. İnformasiya artıq tək bir mərkəzdən idarə olunmur, əksinə sosial media, rəqəmsal platformalar və istifadəçilərin öz yaratdığı kontent vasitəsilə davamlı şəkildə formalaşır və yayılır. Auditoriya isə artıq yalnız məlumat alan deyil, həm də onu yaradan, dəyişdirən və yayılma istiqamətinə təsir edən aktiv iştirakçıya çevrilmişdir.

Mərkəzi Gömrük Hospitalının PR mütəxəssisi
Dİlarə Zamanova