“Prezident İham Əliyevin Türk Dövlətləri Təşkilatının Türküstan şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşündə iştirakı Azərbaycanın türk dünyasında artan siyasi və iqtisadi çəkisinin növbəti təsdiqi kimi qiymətləndirilə bilər”. Bu sözləri SİA-ya açıqlamasında deputat Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, bu görüş təkcə diplomatik platforma deyil, həm də türk dövlətləri arasında strateji əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Azərbaycan son illərdə TDT çərçivəsində həm lokomativ, həm də təşəbbüskar və fəal üzv kimi çıxış edir. Xüsusilə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, rəqəmsal transformasiya və regional təhlükəsizlik məsələlərində Bakının mövqeyi təşkilat daxilində xüsusi diqqətlə qarşılanır. Prezident İlham Əliyevin Zirvə görüşündə iştirakı Azərbaycanın bu proseslərdə aparıcı rol oynamaq niyyətini bir daha nümayiş etdirir.
Türküstan Zirvəsi həm də geosiyasi baxımdan mühüm mesajlar verir. Türk dövlətləri arasında əlaqələrin güclənməsi Orta Dəhlizin inkişafı, iqtisadi inteqrasiyanın genişlənməsi və regionda yeni əməkdaşlıq formatlarının formalaşması üçün əlavə imkanlar yaradır. Azərbaycanın coğrafi mövqeyi və həyata keçirdiyi iri infrastruktur layihələri bu əməkdaşlığın əsas dayaqlarından biri hesab olunur.
Bununla yanaşı, qeyri-rəsmi Zirvə görüşləri liderlər arasında daha açıq və çevik dialoq mühiti yaratdığı üçün qarşılıqlı etimadın möhkəmlənməsinə də xidmət edir. Bu baxımdan cənab Prezident İlham Əliyevin iştirakını Azərbaycanın çoxşaxəli xarici siyasət kursunun və türk birliyinə verdiyi strateji önəmin davamı kimi dəyərləndirmək olar. Düşünürük ki, qardaş dövlətlər arasındakı bu münasibətlər zaman ötdükcə daha da möhkəmləcək və dostluğun və tərəfdaşlığın nümunəsinə çevriləcək”.