”İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri ölkənin strateji inkişaf siyasətinin əsas istiqamətlərindən biridir.”
SİA xəbər verir ki, bu sözləri WUF13-ün milli koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “D-8 bölgəsində davamlı şəhərlərin enerji keçidlərinin şəhər inkişafı gündəmləri ilə uyğunlaşdırılması” adlı tədbirdə səsləndirib.
Onun sözlərinə görə, Qarabağ və ətraf rayonlar azad edildikdən sonra uzun illər dağıdılmış şəhər və kəndlərin, sosial infrastrukturun, nəqliyyat şəbəkələrinin, enerji sistemlərinin və ictimai xidmətlərin yenidən qurulması istiqamətində mühüm layihələr icra olunur:
”Qeyd edilib ki, məqsəd yalnız əvvəlki vəziyyəti bərpa etmək deyil, eyni zamanda “daha yaxşı bərpa et” prinsipi əsasında müasir postmünaqişə inkişaf modelini formalaşdırmaqdır.
Vurğulanıb ki, bu yanaşma BMT-nın dayanıqlı inkişaf məqsədləri və Azərbaycan-ın iqlim öhdəlikləri ilə uyğunlaşdırılır.
Anar Quliyev əlavə edib ki, regionlarda həyata keçirilən şəhərsalma və mənzil layihələri çərçivəsində dayanıqlı, ağıllı və inklüziv yaşayış məkanları yaradılır. Dövlət proqramları nəticəsində vətəndaşların mənzil təminatı gücləndirilir, artıq 80 mindən çox insanın azad edilmiş ərazilərə qayıdaraq orada yaşamağa, işləməyə və təhsil almağa başladığı bildirilib.
Qeyd olunub ki, bu yanaşma yalnız regionların uzunmüddətli inkişafına deyil, eyni zamanda sosial rifahın yüksəlməsinə və iqtisadi fəallığın bərpasına da mühüm töhfə verir.”