“Gələn il ümumi gücü 2 giqavat olan 12 Günəş və külək elektrik stansiyasının istismara verilməsi tamamlanacaq. Bu layihələrin həyata keçirilməsi nəticəsində hər il təxminən 2,4 milyon ton istixana qazı emissiyasının qarşısının alınacağı gözlənilir.”
SİA xəbər verir ki, bu sözləri energetika naziri Pərviz Şahbazov Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “D-8 Yüksək Səviyyəli Enerji və Şəhərsalma Dialoqu”nda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, İlham Əliyev-in təşəbbüsü ilə “yaşıl enerji zonası” elan edilən Qarabağ və Şərqi Zəngəzur bölgələrində “ağıllı kənd” və “ağıllı şəhər” konsepsiyası əsasında geniş quruculuq işləri aparılır. Bu layihələr müasir və dayanıqlı inkişaf siyasətinin nümunəsi kimi qiymətləndirilir.
Məlumata görə, həmin ərazilərdə tikilən binalarda Günəş panelləri, enerji səmərəliliyini artıran texnologiyalar və elektrik nəqliyyat vasitələri üçün doldurma infrastrukturu tətbiq edilir. Bununla yanaşı, 2030-cu ilədək inşası planlaşdırılan 1650 meqavat gücündə bərpaolunan enerji stansiyaları hesabına ildə təxminən 2 milyon ton istixana qazı emissiyasının azaldılması nəzərdə tutulur.
Vurğulanıb ki, ölkənin digər regionlarında da tətbiq olunan bu müasir şəhərsalma və enerji modeli D-8 üzvü olan ölkələr üçün də uğurlu nümunə hesab oluna bilər. İnteqrasiya olunmuş yanaşma sayəsində həm təmiz və səmərəli enerji təminatı gücləndirilir, həm də şəhərlərin daha dayanıqlı və müasir yaşayış məkanlarına çevrilməsi mümkün olur.