“Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu bilavasitə Azərbaycanın dünyada qazandığı yüksək nüfuzun, ölkədə gedən quruculuq və abadlıq işlərinin ictimai-siyasi sabitliyin göstəricisidir. Çünki bu gün Azərbaycan dünyaya açılan bir qapı hesab olunur. Dünya ölkələri ilə əməkdaşlığa, münasibətlərin yaxşılaşdırılmasına böyük önəm verilir. Azərbaycan Prezidenti cənab İlham Əliyev dünyada sülhün, əmin-amanlığın və münasibətlərin yaxşılaşdırılmasının bir qarantı kimi çıxış edir”.
Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Tahir Rzayev deyib.
Deputat bildirib ki, forumun məqsədi məhz firavan yaşayışa, insanların rahatlığına xidmət hesab olunur: “ “Yaşıl şəhər” və “Ağıllı şəhər” adlı layihələrin uğurla həyata keçirilməsi bilavasitə insanların sağlamlığı, ekologiyanın qorunması və müasir tipli şəhərlərin, insanların rahatlığını təmin edən yaşayış məskənlərinin salınmasına yönəldilmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyev forumdakı çıxışında da bunu bir daha qeyd etdi və bildirdi ki, bu gün vətəndaşlarımızın rahatlığı, müasir tipli şəhərlərin və kəndlərin salınması başlıca vəzifə olaraq qarşıya qoyulub. Bu istiqamətdə çox böyük tədbirlər görülməkdədir. Ölkə rəhbəri diqqəti işğaldan azad olunmuş ərazilərə bir daha yönəltdi və göstərdi ki, artıq bu regionlarda “ağıllı kənd”, “ağıllı şəhər”, “yaşıl şəhər” layihələri uğurla həyata keçirilməkdədir. Çox saylı məktəblər, xəstəxanalar, uşaq bağçaları, yaşayış evləri tikilir, yollar çəkilir, tunellər qazılır, beynəlxalq əhəmiyyətli hava limanları istifadəyə verilib və insanların yaşayışı üçün maksimum şəraitin yaradılmasına səylər göstərilir.
Bu gün Azərbaycan inkişaf edən bir respublikadır və belə bir forumun Azərbaycanda keçirilməsi bir daha dövlətimizin beynəlxalq uğurlarının yüksəlməsi üçün vacib və əhəmiyyətlidir. Ölkə rəhbəri də öz çıxışında qeyd etdi və bildirdi ki, COP29-dan sonra bu, ən yüksək beynəlxalq əhəmiyyətli tədbirlərdən biridir və bu tədbirin yüksək səviyyədə keçirilməsi, əlbəttə ki, gələcəkdə insanların firavan yaşayışı, şəhərsalmanın təkmilləşdirilməsi üçün çox dəyərlidir.
Ümumdünya Şəhərsalma Forumu öz işini davam etdirir və əlbəttə ki, burada söylənilən fikirlər, bir çox dövlət rəhbərlərinin, siyasətçilərin və bu sahə ilə məşğul olan şəxslərin rəyləri Azərbaycanın gələcək inkişafına yeni bir təkan verəcək, digər tərəfdən isə dünyada şəhərsalmanın sürətlənməsinə öz faydalarını göstərəcəkdir”.
Lətifə Abdıyeva