Emosional asılılıqla sevgi arasındakı əsas fərqlər nələrdir ? - PSİXOLOQ DANIŞDI

19 May 2026 14:55 (UTC+04:00)

"Emosional asılılıq və sevgi çox vaxt bir-birinə bənzəsə də, mahiyyətcə fərqli anlayışlardır. Hər ikisi insanın emosiyalarına güclü təsir edir, insan qarşı tərəfi tez-tez düşünür və münasibətə ciddi önəm verir".

Bu sözləri SİA-ya açıqlamasında psixoloq Səbinə Bəşirzadə deyib.

Onun sözlərinə görə, amma əsas fərq münasibətin təməlində dayanır: sevgi hörmət və azadlıq üzərində qurulur, emosional asılılıq isə qorxu və ehtiyac üzərində formalaşır: "Emosional asılılıq zamanı insan qarşı tərəfi sadəcə sevmir, sanki onsuz yaşaya bilməyəcəyini düşünür. Qarşı tərəf yazmayanda, zəng etməyəndə və ya diqqət göstərməyəndə insan narahatlıq keçirir, beynində müxtəlif ssenarilər qurmağa başlayır. Xəyanət ehtimalını düşünür, tək qalmaq qorxusu yaşayır və emosional vəziyyəti tamamilə qarşı tərəfin davranışından asılı olur. Bu zaman insan öz ehtiyaclarını, maraqlarını, hətta şəxsi sərhədlərini belə unuda bilir. Qarşı tərəfin həyatını öz həyatının mərkəzinə çevirir.

Belə münasibətlərdə tez-tez panika, qısqanclıq, güvənsizlik və “məni tərk edər” qorxusu müşahidə olunur. İnsan qarşı tərəfin asudə vaxtına və şəxsi sərhədlərinə hörmət etməkdə çətinlik çəkir. Özünü dəyərli hiss etmək üçün davamlı olaraq qarşı tərəfdən diqqət və təsdiq gözləyir. Bu isə zamanla toksik münasibətlərə səbəb ola bilir.

Sevgi isə fərqlidir. Sağlam sevgidə insan qarşı tərəfə asılı olmur, onu şüurlu şəkildə seçir. Qarşı tərəfin fərdi həyatına, maraqlarına və şəxsi sərhədlərinə hörmət edir. Münasibətdə nəzarət deyil, güvən olur. İnsan öz həyatını, sosial çevrəsini və hobbilərini qoruyur, münasibəti həyatının yeganə mərkəzinə çevirmir. Burada “sən olmasan, mən yoxam” düşüncəsi deyil, “səninlə olmaq istəyirəm” anlayışı üstünlük təşkil edir.

Sevgidə azadlıq və qarşılıqlı hörmət var. Emosional asılılıqda isə əsas hiss qorxudur: itirmək qorxusu, yalnız qalmaq qorxusu, tərk edilmək qorxusu. Sevginin mərkəzində isə güvən, rahatlıq və qarşılıqlı anlayış dayanır.

Bəzən insanlar emosional asılılığı sevgi hesab edirlər. Çünki hisslər çox güclü olur. Amma münasibət insanı davamlı şəkildə yorur, narahat edir və özünü dəyərsiz hiss etdirirsə, bu, artıq sağlam sevgidən daha çox emosional asılılığa yaxın ola bilər".