“Əsas məqsəd uzunmüddətli və dayanıqlı yaşayış mühiti formalaşdırmaqdır” - ŞƏRH OLUNDU

19 May 2026 14:51 (UTC+04:00)

“Müasir dövrdə şəhərsalma artıq yalnız memarlıq və infrastruktur məsələsi deyil, dövlətlərin siyasi baxışını, iqtisadi gücünü və gələcək inkişaf prioritetlərini müəyyən edən əsas istiqamətlərdən birinə çevrilib. Azərbaycan-ın son illərdə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi genişmiqyaslı quruculuq prosesi də məhz bu baxımdan diqqət çəkir. Qarabağ və Şərqi Zəngəzur ərazilərində aparılan işlər göstərir ki, Azərbaycan postmünaqişə dövründə dağıntıları yalnız aradan qaldırmağa deyil, eyni zamanda yeni inkişaf modeli formalaşdırmağa çalışır”.

Bu sözləri SİA -ya açıqlamasında politoloq Yusif Bağırov bildirib.

Onun sözlərinə görə, təxminən otuz ilə yaxın müddətdə viran qalmış şəhərlərin bu gün yenidən qurulması həm humanitar, həm iqtisadi, həm də strateji məna daşıyır:

”Burada əsas məqsəd insanların öz yurdlarına qayıdışını təmin etməklə yanaşı, uzunmüddətli və dayanıqlı yaşayış mühiti formalaşdırmaqdır. Bu səbəbdən həyata keçirilən layihələrdə müasir texnologiyalar, ekoloji yanaşmalar və sosial infrastruktur paralel şəkildə inkişaf etdirilir. Yeni salınan yollar, hava limanları, enerji xətləri və yaşayış məntəqələri ölkənin regiona uzunmüddətli baxışının göstəricisi kimi çıxış edir.

Xüsusilə diqqət çəkən məqamlardan biri odur ki, Azərbaycanın şəhərsalma siyasəti milli-mədəni irsin qorunması ilə müasir urbanizasiya arasında balans yaratmağa çalışır. Şuşa şəhərində aparılan bərpa işləri bunun ən aydın nümunələrindən biridir. Tarixi abidələrin ilkin memarlıq xüsusiyyətləri saxlanılmaqla yenidən qurulması göstərir ki, dövlət üçün şəhər anlayışı yalnız fiziki infrastruktur deyil, həm də tarixi yaddaş və mədəni kimlik məsələsidir. Bu yanaşma bir çox ölkələr üçün də maraqlı təcrübə hesab olunur, çünki postmünaqişə bərpa proseslərində ən çox rast gəlinən problemlərdən biri məhz tarixi irsin itirilməsidir.

Digər tərəfdən, Azərbaycan-ın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi ölkənin artan geosiyasi və diplomatik rolunu nümayiş etdirir. COP29 və Ümumdünya Şəhərsalma Forumu kimi mühüm platformaların Bakı şəhərində keçirilməsi göstərir ki, Azərbaycan artıq regional gündəmlə məhdudlaşmır və qlobal məsələlərin müzakirə olunduğu mərkəzlərdən birinə çevrilir. Bu tədbirlər iqlim dəyişiklikləri, dayanıqlı şəhərlər və urbanizasiya kimi mövzularda beynəlxalq əməkdaşlığı genişləndirir.

Bu gün dünyada bir çox regionlarda müharibə və siyasi böhranlar davam etdiyi halda, Azərbaycanın sabitlik mühitini qorumaqla yanaşı quruculuq gündəliyini ön plana çıxarması xüsusi diqqət çəkir. Bakı artıq yalnız enerji və nəqliyyat layihələri ilə deyil, həm də beynəlxalq dialoq və inkişaf platforması kimi tanınır. Bu isə ölkənin yumşaq güc imkanlarını artırmaqla yanaşı, onun beynəlxalq nüfuzunu da gücləndirir”.