“Yaradılan şəraitə diqqətlə baxdıqda aydın olur ki, əvvəlki dövrdə ciddi çətinliklərlə üzləşən məcburi köçkünlər uzun illər çadır şəhərciklərində yaşamağa məcbur idilər. Lakin qısa müddət ərzində Azərbaycan dövləti tərəfindən bu vəziyyət köklü şəkildə dəyişdirildi”.
SİA xəbər verir ki, bu sözləri Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
O bildirib ki, məcburi köçkünlər üçün yeni yaşayış evləri və müasir standartlara uyğun mənzillər inşa edilərək mərhələli şəkildə istifadəyə verilib.
Hikmət Hacıyev qeyd edib ki, bu prosesdə Prezident İlham Əliyev bir sıra yaşayış komplekslərinin açılışlarında şəxsən iştirak edib.
O vurğulayıb ki, həyata keçirilən ardıcıl sosial siyasət nəticəsində məcburi köçkünlərin həyat şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb və onların sosial təminatı dövlət siyasətinin prioritet istiqamətinə çevrilib.
Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan bu gün həm sosial-humanitar sahədə, həm də qlobal müzakirə platformalarında fəal iştirak edir və şəhərsalma siyasəti dayanıqlı inkişaf məqsədlərinə xidmət edir.