“İqlim böhranı həssas ölkələrdə idarəetmə və sabitlik məsələsinə çevrilir” - Fatumatta Jau

19 May 2026 13:00 (UTC+04:00)

“Həssas və kövrək şəraitdə yerləşən ölkələrdə iqlim dəyişiklikləri nadir hallarda yalnız ekoloji problem kimi özünü göstərir. Bu proses iqtisadi qeyri-sabitlik, urbanizasiya və institusional zəifliklə qarşılıqlı təsir yaradır”.

SİA xəbər verir ki, bu fikirləri Qvineya-Bisaunun beynəlxalq əməkdaşlıq üzrə dövlət katibi Fatumatta Jau WUF13 çərçivəsində keçirilən “Münaqişə və həssas bölgələrdə şəhər həlləri vasitəsilə sülhə yönəlik iqlim fəaliyyəti” adlı tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, iqlim dəyişikliyinin təsirlərinə ən az məsuliyyət daşıyan ölkələr, eyni zamanda onun nəticələrinə ən az hazır olan dövlətlərdir və iqlim maliyyəsinə çıxış baxımından ciddi çətinliklərlə üzləşirlər.

Fatumatta Jau qeyd edib ki, Bakı İqlim və Sülh Fəaliyyət Mərkəzi bu baxımdan xüsusi əhəmiyyət daşıyır və iqlim adaptasiyası ilə sülh quruculuğu arasında əlaqəni ön plana çıxarır.

O vurğulayıb ki, Qvineya-Bisauda manqrov meşələri, balıqçılıq və kənd təsərrüfatı əhalinin yaşayış və ərzaq təhlükəsizliyi üçün əsas dayaqdır, lakin bu sistemlər iqlim təsirləri nəticəsində ciddi risk altındadır.

Dövlət katibi əlavə edib ki, Bissau şəhərində, xüsusilə həssas məhəllələrdə təkrarlanan daşqınlar iqlim dəyişiklikləri ilə şəhər infrastrukturunun zəifliyi arasındakı əlaqəni açıq şəkildə göstərir.

Onun sözlərinə görə, bəzi icmalar şoranlaşma və ekosistemlərin deqradasiyası ilə üz-üzə qalmasına baxmayaraq, eyni zamanda dayanıqlılıq və uyğunlaşma bacarığının nümunəsini nümayiş etdirir.