“Bir çox insanlar “bitki mənşəlidir” düşüncəsi ilə istifadə etdikləri yağların tam təhlükəsiz olduğuna inanırlar. Halbuki məsələ bütün bitki yağlarının eyni xüsusiyyətə malik olmamasıdır”.
Bu sözləri SİA -ya açıqlamasında qida üzrə ekspert Asim Vəliyev deyib.
Onun sözlərinə görə, xüsusilə sənaye üsulu ilə emal olunan və yüksək temperaturda istifadə edilən bəzi yağlar sağlamlıq üçün müəyyən risklər yarada bilər:
”Günəbaxan, qarğıdalı, soya və kanola kimi yağlar düzgün şəraitdə istifadə edilmədikdə zərərli birləşmələrin yaranmasına səbəb ola bilir.
Bu yağların tərkibində çoxlu doymamış yağ turşuları mövcuddur. Yüksək temperaturda qızdırıldıqda onların oksidləşməsi baş verir və nəticədə sərbəst radikallar, aldehidlər və digər zərərli maddələr əmələ gəlir. Bu maddələr hüceyrələrə mənfi təsir göstərərək müxtəlif sağlamlıq problemləri ilə əlaqələndirilir.
Mütəxəssislərin fikrincə, uzun müddət keyfiyyətsiz və dəfələrlə qızdırılmış yağlardan istifadə hormonal balansın pozulmasına, maddələr mübadiləsində problemlərə və xroniki iltihabın artmasına təsir edə bilər. Bundan əlavə, bəzi araşdırmalar belə yağların bağırsaq mikroflorasına mənfi təsir göstərərək immun sistemini zəiflədə biləcəyini qeyd edir.
Bununla yanaşı, bütün yağları zərərli hesab etmək düzgün yanaşma deyil. Məsələn, zeytun yağı faydalı yağ növlərindən biri hesab olunur. Xüsusilə aşağı və orta temperaturda bişirmə üçün uyğundur və antioksidantlarla zəngindir. Kərə yağı isə müəyyən temperatur səviyyəsində daha stabil sayılır və tərkibində A, D və K2 vitaminləri mövcuddur. Ənənəvi mətbəximizdə istifadə olunan quyruq yağı da yüksək istiliyə davamlı yağlardan biri kimi göstərilir.
Əsas məsələ yağ seçimində keyfiyyətə və istifadə qaydasına diqqət etməkdir. Xüsusilə ucuz, dəfələrlə istifadə olunan və yüksək temperaturda uzun müddət qızdırılan yağlar sağlamlıq üçün risk yarada bilər. Buna görə gündəlik qidalanmada daha təbii, keyfiyyətli və düzgün istifadə olunan yağlara üstünlük vermək vacib sayılır”.