“Bu çoxşaxəli problemləri yalnız ictimaiyyətin diqqətinə çatdırmaq kifayət etmir; əsas məqsəd həm də zəruri istiqamətlər üzrə konkret və effektiv həll yollarının həyata keçirilməsidir. İnanıram ki, forum çərçivəsində aparılan müzakirələr, təqdim olunan layihələr və irəli sürülən təkliflər gələcək dayanıqlı şəhər modelinin formalaşmasında mühüm rol oynayacaq”. SİA xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.
Prezident İlham Əliyev qeyd etdiyi kimi, Bakı artıq qlobal urbanizasiya və iqlim gündəliyinin əsas platformalarından birinə çevrilib. Forumun açılışında səslənən çıxışlar da bu sahədə geniş və çoxşaxəli yanaşmanın vacibliyini bir daha göstərdi və bu hadisə təkcə Azərbaycan üçün deyil, ümumilikdə bu sahədə fəaliyyət göstərən bütün mütəxəssislər üçün əlamətdar hesab olunur.
Bu gün şəhərlərin gələcəyi yalnız memarlıq layihələri ilə deyil, həm də güclü hüquqi baza, səmərəli icra mexanizmləri və institusional koordinasiya ilə müəyyən olunur. Azərbaycan Parlamenti iqlim dəyişikliklərinə uyğunlaşma və dayanıqlı şəhər inkişafı çağırışlarına operativ reaksiya verir, qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində işlər aparır. Eyni zamanda, müvafiq komitələr, dövlət qurumları və vətəndaş cəmiyyəti arasında ictimai dialoqun genişləndirilməsi diqqət mərkəzində saxlanılır.
Ölkədə həyata keçirilən maarifləndirmə tədbirləri dayanıqlı inkişafın həm hüquqi, həm də sosial əsaslarının gücləndirilməsinə xidmət edir. Sosial inklüzivliyin təmin edilməsi və effektiv icra mexanizmlərinin formalaşdırılması bu prosesin vacib tərkib hissəsidir.
Erkən xəbərdarlıq sistemləri və iqlimə davamlı şəhərlər anlayışı elmi proqnozlaşdırma, qabaqcıl texnologiyalar və sosial inklüzivliyin vəhdətini özündə birləşdirən kompleks yanaşmadır. Bu sistemlər şəhərləri ekstremal hava hadisələrindən qorumaq, iqtisadi itkiləri azaltmaq və əhalinin həssas qruplarının təhlükəsizliyini təmin etmək baxımından həyati əhəmiyyət daşıyır”.