İtaliyanın Çezenatiko şəhərində keçirilən Avropa Qızlar İnformatika Olimpiadası (EGOI 2026) yekun nəticələrini açıqlayıb.
Təhsil İnstitutundan SİA-ya bildirilib ki, 67 ölkədən 242 nəfər məktəblinin iştirak etdiyi olimpiadada qızlarımız uğurla çıxış edərək 2 bürünc medal qazanıblar. Bakı şəhər Fizika, riyaziyyat və informatika təmayüllü respublika liseyinin 11-ci sinif şagirdi Rahidil Bayramlı və həmin liseyin 10-cu sinif şagirdi Xədicə Məhərli olimpiadada fərqləniblər.
Qeyd edək ki, Avropa Qızlar İnformatika Olimpiadası 2021-ci ildən etibarən keçirilir və məktəblilərimiz bu günə kimi bu olimpiadada 1 qızıl, 2 gümüş, 7 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir.