“Dünyada iqlim dəyişikliklərinin yaratdığı problemlər artıq açıq şəkildə hiss olunur” -UMAYRA TAĞIYEVA

19 May 2026 12:02 (UTC+04:00)

“İqlim dəyişikliyi, biomüxtəlifliyin azalması və çirklənmə bir-biri ilə əlaqəli şəkildə ekosistemlərə, insanların rifahına, dayanıqlı inkişafa və şəhərlərin gələcəyinə ciddi təsir göstərir. Dünyanın bir çox şəhərlərində iqlim dəyişikliklərinin yaratdığı problemlər artıq açıq şəkildə hiss olunur və bu hallar ya müşahidə edilir, ya da insanlar tərəfindən birbaşa yaşanır”.

SİA xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva WUF13 çərçivəsində keçirilən "Erkən xəbərdarlıq sistemləri və iqlim dayanıqlı şəhərlər" adlı tədbirdə bildirib.

Onun sözlərinə görə, Azərbaycan da müxtəlif ekoloji problemlər və iqlimlə bağlı risklərlə üz-üzədir. Bu səbəbdən şəhərlərdə daha dayanıqlı və güclü infrastrukturun qurulması, iqlim dəyişikliklərinin yaratdığı təhlükələrə qarşı davamlılığın artırılması böyük əhəmiyyət daşıyır. Erkən xəbərdarlıq sistemlərinin inkişafı da bu istiqamətdə əsas prioritetlərdən biridir.

IPCC hesabatlarında qeyd olunur ki, şəhərlər getdikcə daha çox istilik dalğaları, daşqınlar, dəniz səviyyəsinin yüksəlməsi və digər təbii fəlakətlərlə qarşılaşır. Bu risklər həm insanların həyatına, həm də şəhər infrastrukturuna ciddi zərər vurur.

Vurğulanıb ki, təhlükələrin vaxtında izlənməsi, proqnozlaşdırılması və əhali üçün əlçatan xəbərdarlıq sistemlərinin qurulması insan itkilərinin və maddi zərərlərin azalmasına kömək edir. Bu cür sistemlər artıq seçim deyil, həyati əhəmiyyət daşıyan investisiya hesab olunur.

Bildirilib ki, Azərbaycan şəhərlərdə iqlim dəyişikliklərinə uyğunlaşmanı gücləndirmək məqsədilə milli adaptasiya planı üzərində də fəaliyyətini davam etdirir.