Buraxılış imtahanlarında xarici dil üzrə qaydaların sərtləşdirilməsinə ehtiyac varmı? - EKSPERT AÇIQLADI

18 May 2026 16:49 (UTC+04:00)

Dövlət İmtahan Mərkəzinin idarə heyətinin sədri Məleykə Abbaszadə deyib ki, gələcəkdə buraxılış imtahanında xarici dil üzrə danışıq bacarığının yoxlanılması tətbiq edilə bilər. Ümumilikdə xarici dil üzrə qaydaların bu qədər sərtləşdirilməsinə ehtiyac varmı? Bəs, sadəcə buraxılış imtahanını verib, universitet oxumaq istəməyənlər üçün bu dəyişiklik nə dərəcədə vacib hesab olunur?

Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildiri ki, bu təşəbbüs hazırkı mərhələdə Dövlət İmtahan Mərkəzinin texniki və institusional imkanları səviyyəsində görünmür:

"Belə bir təcrübənin uğurla həyata keçirilməsi üçün ilk növbədə DİM-in bütün sistemi tam elektronlaşdırılmalı, imtahan prosesinin idarə olunması müasir rəqəmsal platformalar üzərindən qurulmalıdır. Bununla yanaşı, yalnız texniki baza deyil, imtahan qaydaları, qiymətləndirmə mexanizmləri, nəzarət sistemi və hətta imtahan zallarının təşkili ilə bağlı ciddi dəyişikliklər edilməlidir. Mövcud şəraitdə isə bu cür genişmiqyaslı transformasiyanın qısa müddətdə həyata keçirilməsi real görünmür. Bu səbəbdən hesab etmirəm ki, DİM hazırda belə bir yeniliyi tətbiq etməyə tam hazırdır.

Digər tərəfdən, bu gün Azərbaycanın ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün belə ağır və köklü qərarın verilməsi o qədər də vacib hesab edilmir. Çünki beynəlxalq səviyyəli universitetlərdə təhsil almağı hədəfləyən gənclər artıq uzun illərdir TOEFL və IELTS kimi beynəlxalq imtahanlar vasitəsilə öz bilik və bacarıqlarını təsdiqləyərək xarici universitetlərə birbaşa müraciət edirlər. Bu sistem dünya təcrübəsində özünü doğrultmuş modeldir və həmin universitetlər tərəfindən qəbul olunur. Buna görə də DİM-in bu istiqamətdə əlavə bir model yaratması hazırkı mərhələdə prioritet məsələ kimi görünmür.

Düşünürəm ki, DİM rəhbərliyi tərəfindən səsləndirilən bu fikir yaxın bir neçə ildə praktik şəkildə reallaşa bilməyəcək. Çünki belə bir dəyişiklik yalnız imtahan sisteminin deyil, bütövlükdə təhsil yanaşmasının yenilənməsini tələb edir. Əgər bu məsələ doğrudan da gündəmə gətirilirsə, ilk növbədə ümumtəhsil məktəblərində tətbiq olunan tədris metodikası və qiymətləndirmə meyarları dəyişdirilməlidir. Hazırda məktəblərdə xarici dil tədrisi əsasən qrammatika qaydalarının öyrədilməsinə və test yönümlü hazırlığa əsaslanır. Halbuki beynəlxalq imtahanlarda əsas diqqət şagirdin dili praktik şəkildə istifadə etmək bacarığına — dinləmə, danışıq, analitik düşüncə və esse yazmaq qabiliyyətinə yönəlir.

Xüsusilə esse tipli yazılar, mətn analizi, sərbəst fikir yürütmə və akademik yazı bacarıqları məktəblərdə yetərincə inkişaf etdirilmir. Əgər gələcəkdə beynəlxalq standartlara uyğun qəbul modelinin tətbiqi planlaşdırılırsa, o zaman məktəblərdə şagirdlərin tənqidi düşünmə, məntiqi təhlil və yazılı ifadə bacarıqlarının inkişafına daha çox önəm verilməlidir. Əks halda, mövcud tədris sistemi ilə yeni imtahan modeli arasında ciddi uyğunsuzluq yaranacaq və bu da həm şagirdlər, həm müəllimlər, həm də ümumi təhsil sistemi üçün əlavə çətinliklər yaradacaq".