"Azərbaycan və Serbiya ildən-ilə münasibətlərini daha da möhkəmləndirən ölkələrdən hesab edilə bilər. Ayrı-ayrı bölgələrdə, regionlarda yerləşməyimizə baxmayaraq, birgə maraqlarımız bizi daha da yaxınlaşdırıb. Münasibətlərimiz artıq demək olar ki, dövlətlərarası münasibətlərin bütün sahələrini əhatə edir". Bu sözlöəri SİA-ya açıqlamasında deputat Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, vaxtaşırı ölkə liderlərinin görüşləri də Azərbaycan-Serbiya münasibətlərinin möhkəmlənməsinə, birgə layihələrin həyata keçirilməsinə, qarşılıqlı investisiyaların təşviq edilməsinə gətirib çıxarır:
"Azərbaycan Serbiyanı, Serbiya isə Azərbaycanı özünün ən yaxın dostlarından biri kimi görür. Xüsusilə son illərdə iki ölkə arasında yüksək səviyyəli siyasi dialoqun intensiv xarakter alması münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə səbəb olub. Dövlət başçıları arasında qarşılıqlı səfərlər, imzalanan sənədlər və əldə olunan razılaşmalar əməkdaşlığın daha da genişlənməsinə ciddi təkan verir. Bu münasibətlər qarşılıqlı hörmət, etimad və beynəlxalq hüququn prinsiplərinə əsaslanır.
İqtisadi sahədə əməkdaşlıq da diqqət çəkən istiqamətlərdəndir. Energetika, nəqliyyat, kənd təsərrüfatı, sənaye və investisiya sahələrində yeni imkanlar müzakirə olunur. Azərbaycanın enerji sahəsində əldə etdiyi uğurlar Serbiya üçün də maraq doğurur. Eyni zamanda, Serbiya Balkan regionunda Azərbaycanın iqtisadi tərəfdaşlarından biri kimi çıxış edir. Ticarət dövriyyəsinin artırılması, biznes forumların təşkili və sahibkarlar arasında əlaqələrin genişləndirilməsi iki ölkənin iqtisadi münasibətlərinə müsbət təsir göstərir.
Bununla yanaşı, humanitar və mədəni əlaqələr də getdikcə inkişaf edir. Təhsil, turizm, mədəniyyət və idman sahələrində həyata keçirilən layihələr xalqlar arasında münasibətlərin daha da yaxınlaşmasına şərait yaradır. Müxtəlif mədəni tədbirlər, sərgilər və tələbə mübadilə proqramları Azərbaycan və Serbiya xalqları arasında dostluq körpüsünü daha da gücləndirir.
Beynəlxalq təşkilatlar çərçivəsində də iki ölkə bir-birinin mövqeyini dəstəkləyir. Qarşılıqlı dəstək və həmrəylik Azərbaycan-Serbiya münasibətlərinin əsas xüsusiyyətlərindən biri kimi qiymətləndirilir. Bu isə əməkdaşlığın gələcək illərdə daha da genişlənəcəyini və yeni istiqamətlər üzrə inkişaf edəcəyini göstərir".