Liviya Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) Azərbaycanda təşkilinə görə Azərbaycan hökumətinə və BMT-nin Məskunlaşma Proqramına – UN-Habitat təşəkkür edib.
SİA xəbər verir ki, bunu Məhəmməd Yunis Əl-Mənfi Bakıda keçirilən WUF13 çərçivəsində ilk dəfə təşkil olunan Liderlər Sammitində bildirib.
O qeyd edib ki, forumun nəticələri daha ədalətli, davamlı və firavan gələcəyə doğru praktiki addımlara çevrilməlidir: “Bilik və texnologiya transferinə, eləcə də təcrübə mübadiləsinə ən yüksək əhəmiyyət verilməlidir”.
Liviya Prezident Şurasının Sədri vurğulayıb ki, şəhərsalma problemlərinin həlli inkişaf etməkdə olan ölkələr üçün ədalətli və çevik maliyyələşdirmə mexanizmlərinin yaradılmasını tələb edir.
Onun sözlərinə görə, Liviya balanslaşdırılmış şəhərsalma siyasətini dəstəkləyir, davamlı planlaşdırmanı təşviq edir, infrastrukturun və əsas xidmətlərin yaxşılaşdırılması istiqamətində çalışır.
Məhəmməd Yunis Əl-Mənfi bildirib ki, ölkəsində yenidənqurma işləri son illərdə, xüsusilə sel fəlakətindən zərər görən Dərnə şəhərində və müharibələrdən zərər çəkmiş digər bölgələrdə mühüm irəliləyişlərlə müşayiət olunub.
O qeyd edib ki, bu proses ölkədə əldə olunan sabitlik sayəsində mümkün olub.
Liviya rəsmisi əlavə edib ki, UN-Habitat-ın Bakıda, Nayrobidə və Çində təşkil etdiyi beynəlxalq tədbirlər şəhərlərin gələcəyi ilə bağlı qlobal dialoqun davam etdirilməsinin vacibliyini təsdiqləyir.
Məhəmməd Yunis Əl-Mənfi vurğulayıb ki, Liviya təhlükəsiz, davamlı və iqlim dəyişikliklərinə uyğunlaşa bilən şəhərlərin qurulmasına yönəlmiş bütün beynəlxalq təşəbbüsləri dəstəkləyir.