"Məlum olduğu kimi, müxtəlif beynəlxalq mötəbər tədbirlərə ev sahibliyi etmək Azərbaycanda adi hala çevrilib. Azərbaycanın davamlı olaraq bu prosesdə töhfə verdiyi görünür". Bu sözləri SİA-ya açıqlamasında deputat Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, ölkəmizin bu sahədə qazandığı təcrübə olduqca böyükdür və Azərbaycan uzun illərdir ki, mühüm beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil olunması ilə diqqət mərkəzindədir:
"Bu gün ölkəmiz siyasi, iqtisadi, humanitar və ekoloji istiqamətlərdə keçirilən qlobal tədbirlərin əsas ünvanlarından birinə çevrilib. Bu, çox vacib və önəmli bir məsələdir. Çünki hər hansı beynəlxalq tədbirə ev sahibliyi etmək təkcə təşkilati bacarıq deyil, eyni zamanda həmin ölkəyə olan beynəlxalq etimadın göstəricisidir. Dünya dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatların Azərbaycana etibar etməsi ölkəmizin artan nüfuzundan xəbər verir. Bu gün dünya mətbuatının da bBakıda keçirilən WUF-13-dən geniş şəkildə bəhs etməsi Azərbaycanın növbəti uğurudur. Xarici media orqanlarında yayımlanan məlumatlar ölkəmizin beynəlxalq arenadakı mövqeyinin daha da möhkəmləndiyini göstərir.
Yəni, BMT ilə birgə tədbirlərin keçirilməsi olduqca mötəbər və əhəmiyyətli bir məsələdir. Belə tədbirlər Azərbaycanın beynəlxalq əməkdaşlığa verdiyi önəmi bir daha nümayiş etdirir. Beynəlxalq media orqanlarında yayımlanan xəbərlər və təhlillər də Azərbaycanın uğurlarının növbəti təsdiqi hesab oluna bilər. Azərbaycanın bu gün adı dünyada ehtiramla anılır və ölkəmiz sabitlik, təhlükəsizlik və inkişaf modeli kimi nümunə göstərilir. Həyata keçirilən uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan regionun aparıcı dövlətlərindən birinə çevrilib.
Eyni zamanda, ölkəmizin mötəbər tədbirlərə ev sahibliyi etməsi turizm, iqtisadiyyat və beynəlxalq əlaqələrin inkişafına da müsbət təsir göstərir. Belə tədbirlər zamanı Azərbaycana minlərlə xarici qonaq, diplomat, ekspert və jurnalist gəlir. Onlar ölkəmizin inkişafını, təhlükəsizliyini və müasir infrastrukturunu yaxından müşahidə etmək imkanı qazanırlar. Bu isə Azərbaycanın beynəlxalq imicinin daha da güclənməsinə səbəb olur.
Ona görə də bu mənada Azərbaycanın uğurlarının beynəlxalq mediada əksini tapması sıradan bir məsələ deyil. Bu, ölkəmizin dünya miqyasında artan nüfuzunun və beynəlxalq etibarının göstəricisidir. Azərbaycanın uğurlu siyasəti nəticəsində ölkəmiz artıq mühüm qlobal platformalarda söz sahibi olan dövlətlərdən biri kimi qəbul edilir.
Bu, olduqca önəmli və vacib bir prosesdir. Biz bu istiqamətdə ölkəmizin uğurlarının daha da artdığının şahidi oluruq. Gələcəkdə də Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi imkanları genişlənəcək, ölkəmizin nüfuzu daha da artacaq. Dünya mediası Azərbaycan haqqında daha çox bəhs edəcək, həyata keçirilən layihələri və atılan addımları daha geniş şəkildə işıqlandıracaq. Azərbaycanın beynəlxalq əməkdaşlıq sahəsində əldə etdiyi nailiyyətlər gələcək illərdə də ölkəmizə yeni uğurlar qazandıracaq və dövlətimizin dünyadakı mövqeyini daha da gücləndirəcək".