“Dünyanın hər yerində milyardlarla insan hələ də qeyri-kafi mənzil şəraiti, sürətli urbanizasiya, iqlim fəlakətləri, yoxsulluq və yüklənmiş infrastruktur kimi sərt reallıqlarla üzləşir. Bu problemlər region və inkişaf səviyyəsindən asılı olmayaraq həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrə təsir edir”.
SİA xəbər verir ki, bunu Esvatini Kralı Əlahəzrət III Msvati WUF tarixində ilk dəfə Bakıda keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bütün bunların mərkəzində insan dayanır. Buna görə də mənzil sadəcə beton və poladdan ibarət deyil. O, ləyaqət, təhlükəsizlik, sabitlik və ümid deməkdir. Ev güclü ailələrin və dayanıqlı icmaların təməlidir.
“Həqiqətən dayanıqlı şəhər göydələnlərinin hündürlüyü ilə deyil, insanlarını , xüsusilə də ən həssas təbəqələri ,qorumaq və gücləndirmək bacarığı ilə ölçülür”.
Esvatini Krallığında biz bütün inkişafın mərkəzinə insanı qoyuruq. Biz ekoloji məsuliyyət, iqtisadi inklüzivlik və sosial həmrəyliklə yanaşı inkişaf edən dayanıqlı şəhər artımını təşviq edirik.
Milli prioritetlərimiz əlçatan mənzil, keyfiyyətli infrastruktur, inteqrasiya olunmuş ərazi planlaşdırılması və həm şəhər, həm də kənd icmaları üçün ekoloji dayanıqlılıq üzərində qurulub.
2025-ci ildə biz “Strategiya 2030” proqramını başladıq. Bu proqram Yeni Şəhər Gündəliyi və Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun hazırlanmış genişmiqyaslı inkişaf çərçivəsidir.
Bu strategiya ev sahibliyinə çıxışı genişləndirir və bütün Esvatini vətəndaşlarının yaşayış şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırır.
Bələdiyyələrimiz və mənzil qurumlarımız cəmiyyətin müxtəlif təbəqələri üçün yaşayış layihələri həyata keçirməyə davam edir. Özəl sektor və inkişaf tərəfdaşları ilə əməkdaşlıq isə ailələrin layiqli mənzillərlə təmin olunmasına töhfə verir”.