“İllərdir iqlim dəyişikliyi təkcə fərdləri deyil, bütöv regionları köç etməyə məcbur edir” - İLİYANA YOTOVA

18 May 2026 15:47 (UTC+04:00)

“Biz bunu Asiyadan Şimali Avropaya, Amerikadan Avropaya qədər müşahidə edirik. Biz bu reallığı inkar edib, yüz il əvvəl kiçik sənaye şəhərləri üçün hazırlanmış idarəetmə vasitələri ilə böyük regionları idarə etməyə davam edə və onların niyə artıq effektiv olmadığını düşünə bilərik. Yaxud da reallığı qəbul edib onun miqyasına uyğun , əlaqəli, çoxsəviyyəli və ortaq idarəetmə sistemi qura bilərik”.

SİA xəbər verir ki, bu sözləri Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotova Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasında deyib.

Onun sözlərinə görə, bu, ortaq məqsədlərə əsaslanan, milli hökumətlər, regionlar, şəhərlər və icmalar arasında məsuliyyətlərin bölüşdürüldüyü bir idarəetmə modelidir. Mən məhz ikinci modelə inanıram.

Şəhərlər böyüməyə davam etdikcə, yeni insan axınları da onlara yönəlir. Təəssüf ki, biz müharibələrin hökm sürdüyü bir dövrdə yaşayırıq. Hazırda biz burada toplaşdığımız anda belə, dünyanın müxtəlif bölgələrində baş verən münaqişələr milyonlarla insanı öz evlərini tərk etməyə məcbur edir.

Bu insanların 60 faizindən çoxu məhz şəhərlərə sığınır. Çünki şəhər qaçqın insanların yenidən təhlükəsizlik, iş, övladları üçün məktəb və normal həyatın bir hissəsini axtardıqları ilk məkandır.

Uzun illərdir dünya miqrasiyanı əsasən təhlükə kimi təqdim edib. Gəlin bu yanaşmanı dəyişək. Bu, təhlükə deyil ,hazır olmalı olduğumuz bir reallıqdır.

Hazırlıqlı şəhər gələn insanı vətəndaşa, işçiyə, vergi ödəyicisinə və qonşuya çevirir. Hazırlıqsız şəhər isə onu cəmiyyətin kənarına, qeyri-rəsmi mühitə, görünməzliyə və təcridə sürükləyir. Bu iki yanaşma arasındakı fərq siyasi liderlərin etdiyi və ya etmədiyi seçimdən asılıdır.

Bununla yanaşı, daha böyük bir məsələ də mövcuddur. İllərdir iqlim dəyişikliyi təkcə fərdləri deyil, bütöv regionları köç etməyə məcbur edir. Quraqlıq, su qıtlığı, dəniz səviyyəsinin yüksəlməsi və nəsillər boyu becərilən torpaqların artıq yaşayış üçün yararsız hala gəlməsi bu prosesin əsas səbəblərindəndir”.