“Dağ şəhərlərinin dayanıqlı inkişafı üçün beynəlxalq əməkdaşlıq vacibdir” - Qırğızıstan prezidenti

18 May 2026 15:20 (UTC+04:00)

Dünya üzrə təhlükəsiz və dayanıqlı şəhərlər, eləcə də mənzil məsələlərinə həsr olunan forumun urbanizasiya, dayanıqlı inkişaf, iqlim dəyişiklikləri və mənzil əlçatanlığı kimi mövzuların müzakirəsi üçün mühüm platforma olduğu bildirilib.

SİA xəbər verir ki, bu barədə Qırğızıstanın sabiq prezidenti Askar Akayev Bakıda WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.

O qeyd edib ki, Qırğızıstan dağ ölkəsi olaraq dağ regionlarının dayanıqlı inkişafına xüsusi önəm verir və BMT-nin məlumatlarına əsasən dağlar milyardlarla insanın həyatına birbaşa təsir göstərir.

Askar Akayev bildirib ki, iqlim dəyişiklikləri, buzlaqların əriməsi və ekosistemlərə artan təzyiqlər dağlıq və dağətəyi şəhərlərə ciddi təsir göstərir.

O vurğulayıb ki, bu şəhərlərin dayanıqlı inkişafı üçün üç əsas istiqamət önəmlidir: ekosistem dayanıqlığı, innovativ “ağıllı şəhər” texnologiyaları və insan kapitalının inkişafı.

Sabiq prezident qeyd edib ki, hidroenerji və günəş enerjisindən istifadə, rəqəmsallaşma və erkən xəbərdarlıq sistemlərinin inkişafı dağ regionlarının davamlılığı üçün vacibdir.

O əlavə edib ki, dağ şəhərlərinin inkişafı üzrə beynəlxalq Dağ Şəhərləri Assosiasiyasının yaradılması təklif olunur və bu qurumun qərargahının Bişkekdə yerləşdirilməsi mümkündür.

Askar Akayev həmçinin mənzil təminatı məsələsinin müasir dünyanın əsas çağırışlarından biri olduğunu bildirib və sürətli urbanizasiya şəraitində şəhərlərin bu istiqamətdə böyük məsuliyyət daşıdığını vurğulayıb.