"Keniyada son üç ildə 273 min mənzil tikilib" - KENİYA PREZİDENTİ

18 May 2026 15:06 (UTC+04:00)

“Tikinti və peşəkar xidmət xərclərini azaltmaq üçün mühüm addımlar atdıq. Peşəkar xidmətlərin dəyəri əvvəl ümumi tikinti xərclərinin 10 faizini təşkil edirdisə, bunu 2,5 faizə qədər endirdik”.

SİA xəbər verir ki, bu sözləri Keniya Prezidenti Vilyam Ruto Bakıda WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində çıxışı zamanı deyib.

O bildirib ki, tikinti standartlarının vahidləşdirilməsi nəticəsində materialların kütləvi istehsalı mümkün olub və bu da xərclərin azalmasına səbəb olub.

Vilyam Ruto qeyd edib ki, ölkədə xüsusi maliyyə mexanizmi yaradılıb, Mənzil Fondu təsis olunub və dayanıqlı daxili maliyyələşmə sistemi formalaşdırılıb.

Prezidentin sözlərinə görə, Keniyada son üç ildə 273 min mənzil tikilir, 8 min mənzil artıq təhvil verilib, ilin sonunadək isə əlavə 55 min mənzil təqdim olunacaq.

O əlavə edib ki, hazırda 700 min mənzillik yeni layihə portfeli formalaşdırılıb və bu, Afrika qitəsinin ən böyük mənzil proqramıdır.

Vilyam Ruto vurğulayıb ki, Mənzil Fondu vasitəsilə 5 milyard dollar daxili resurs səfərbər olunub və heç bir beynəlxalq maliyyə institutundan kredit alınmayıb.

Onun sözlərinə görə, proqram nəticəsində 640 min gənc işlə təmin olunub və yaxın illərdə bu rəqəmin 1 milyona çatdırılması planlaşdırılır.

Prezident həmçinin gecəqonduların mərhələli şəkildə ləğvi və şəhərlərin planlı inkişafı istiqamətində işlərin aparıldığını bildirib.